Alim-oftalmoloq Zərifə Əliyeva
Zərifə Əliyeva təkcə alim deyil, həm də yüksək humanist dəyərlərə malik həkim idi. Onun həyat yolu elm, insanlara xidmət və peşəsinə sonsuz sevgi ilə zəngindir. O, oftalmologiya sahəsində qazandığı uğurlarla Azərbaycanı dünyada tanıdan görkəmli şəxsiyyətlərdən biri olmuşdur. Alim-oftalmoloq kimi Zərifə Əliyevanın fəaliyyəti göz xəstəliklərinin müalicəsində yeni yanaşmaların tətbiqi ilə seçilirdi. O, xəstələrə fərdi yanaşmanı əsas prinsip kimi qəbul edirdi. Onun fikrincə, hər bir xəstənin müalicəsi onun həyat tərzi, peşəsi və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla aparılmalıdır. Zərifə Əliyeva xüsusilə traxoma kimi geniş yayılmış göz xəstəliklərinin aradan qaldırılması istiqamətində böyük işlər görmüşdür. O dövrdə bu xəstəlik bir çox insanın görmə qabiliyyətini itirməsinə səbəb olurdu. Alimin apardığı tədqiqatlar və tətbiq etdiyi müalicə üsulları nəticəsində bu xəstəliyin yayılması xeyli azalmışdır. Onun fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri də peşə oftalmologiyasına verdiyi töhfələrdir. O, istehsalat sahəsində çalışan insanların göz sağlamlığının qorunması üçün xüsusi metodlar hazırlamışdır. Bu metodlar bu gün də aktual olaraq qalır və müasir tibbdə istifadə olunur. Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də qayğıkeş həkim kimi insanların yaddaşında qalmışdır. Onun xəstələrə münasibəti, səmimiyyəti və peşəkarlığı hər kəs tərəfindən yüksək qiymətləndirilirdi. O, insanlara yalnız tibbi yardım göstərmir, eyni zamanda onlara mənəvi dəstək də verirdi. Alimin beynəlxalq nüfuzu da yüksək olmuşdur. Onun elmi işləri xarici ölkələrdə çap olunmuş, beynəlxalq konfranslarda təqdim edilmişdir. Bu isə Azərbaycan tibb elminin dünya səviyyəsində tanınmasına səbəb olmuşdur. Zərifə Əliyevanın həyat və fəaliyyəti gənc nəsil üçün nümunədir. Onun elmə bağlılığı, zəhmətkeşliyi və insanlara olan sevgisi hər bir həkim və alim üçün örnəkdir. O, öz həyatını insan sağlamlığına həsr etmiş və bu yolda silinməz iz qoymuşdur. Alim-oftalmoloq Zərifə Əliyeva Azərbaycan tibb tarixində əbədi yaşayacaq bir simadır. Onun elmi və humanist fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım






















