Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Bu mərkəz 70 ildən çoxdur ki, ölkəmizdə fəaliyyət göstərir. Bu şanlı tarix, institutun milli oftalmologiya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsinə yönəldilmiş çoxillik fəaliyyətə əsaslanır. 21.01.2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 869 saylı sərəncamı ilə instituta görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir. Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş MDB məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur. Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuş görkəmli alim, pedaqoq, ictimai xadim, akademik Zərifə Əziz qızı Əliyevanın həyat yolu bütövlükdə xalqına xidmət nümunəsidir.Onun fəaliyyəti yalnız səhiyyə sahəsi ilə məhdudlaşmayaraq, milli-mənəvi dəyərlərin qorunması, elmi məktəbin formalaşdırılması və insan amilinə verilən ali dəyərin təcəssümüdür. Zərifə xanımın elmi fəaliyyəti xüsusilə oftalmologiya sahəsində mühüm dönüş yaratmışdır. Onun elmi tədqiqatlarının əsas istiqamətlərindən biri XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. Bu xəstəlik təkcə tibbi problem deyil, həm də sosial təhlükə idi. Zərifə xanımın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində traxoma ölkədə demək olar ki, tam aradan qaldırılmışdır. Bu, onun elmi və praktiki fəaliyyətinin ən böyük nailiyyətlərindən biri hesab olunur. Zərifə Əliyevanın doktorluq dissertasiyası sənaye mühitinin insan sağlamlığına, xüsusilə görmə orqanına təsirini araşdıran fundamental tədqiqat idi. Bu istiqamət o dövr üçün yenilikçi olmaqla yanaşı, müasir tibbi ekologiyanın əsasını təşkil edən mühüm elmi yanaşmalardan biri kimi qiymətləndirilir. Akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində yalnız görkəmli alim kimi deyil, həm də mənəvi dəyərlərin daşıyıcısı, humanizm nümunəsi və milli ziyalı obrazının təcəssümü kimi qalır. Onun həyat və fəaliyyəti bugünkü və gələcək nəsillər üçün örnəkdir. Onun qoyduğu elmi irs, yetişdirdiyi kadrlar və aşıladığı dəyərlər Azərbaycan səhiyyəsinin və ümumilikdə cəmiyyətin inkişafında mühüm rol oynamaqda davam edir.Zərifə xanım Əliyevanın adı Azərbaycan elmində və tibb tarixində daim yaşayacaq və hər zaman işıqlı xatirəsi ehtiramla yad ediləcək. 15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad edir.
Zərdab rayon Nizami gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbi müəllimi Səriyyə Muradova.






















