image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260812-wa0056

9 NOYABR – AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜ: MİLLİ QÜRURUMUZ, MÜSTƏQİLLİYİMİZİN VƏ DÖVLƏTÇİLİYİMİZİN RƏMZİ!

image-legitimaz-810x90

9 NOYABR – AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜ: MİLLİ QÜRURUMUZ, MÜSTƏQİLLİYİMİZİN VƏ DÖVLƏTÇİLİYİMİZİN RƏMZİ!

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq və müstəqillik ideallarını özündə əks etdirən müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün bu müqəddəs rəmzlərdən biri də üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan Azərbaycan bayrağı xalqımızın milli mənliyinin, dövlət müstəqilliyinin, azadlıq əzminin və tarixi irsinin təcəssümüdür. Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü böyük qürur və fəxarət hissi ilə qeyd olunur. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Üçrəngli bayrağın qəbul edilməsi isə yeni qurulan dövlətin milli və siyasi ideallarını dünyaya nümayiş etdirirdi. Bayrağımızın hər bir rəngi özündə dərin məna daşıyır. Mavi rəng türkçülüyü, xalqımızın türk dünyasına mənsubiyyətini, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə islam sivilizasiyasına bağlılığımızı ifadə edir. Bayrağımızın mərkəzində yerləşən ağ aypara və səkkizguşəli ulduz da milli-mənəvi dəyərlərimizin mühüm rəmzlərindəndir. Bu rənglərin və rəmzlərin vəhdəti Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyə baxışını özündə birləşdirir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın qəlbində müstəqillik və azadlıq ideallarının simvolu olaraq yaşamağa davam etdi. Uzun illər ərzində milli bayrağımız Azərbaycanın müstəqilliyinə inanan insanların yaddaşında və düşüncəsində qorunub saxlanıldı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlətimizin əsas rəmzlərindən biri kimi qəbul edildi. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının və milli dəyərlərə bağlılığının mühüm əhəmiyyəti olmuşdur.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Dövlət Bayrağımızın təbliği, qorunması və dövlətçilik rəmzi kimi ucaldılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Həmin vaxtdan etibarən bu əlamətdar gün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Bu gün Azərbaycan bayrağı yalnız dövlət binalarında, meydanlarda və rəsmi tədbirlərdə deyil, həm də xalqımızın qəlbində ucalır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması hər bir azərbaycanlı üçün misilsiz qürur mənbəyinə çevrilmişdir. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın tarixi ədalətin bərpasına nail olmasının rəmzidir. Bu gün Azərbaycan bayrağı ölkəmizin beynəlxalq nüfuzunu, müstəqil siyasətini, güclü dövlətçiliyini və milli birliyini təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışlarda, hərbçilərimiz hərbi paradlarda, diplomatlarımız dünyanın müxtəlif ölkələrində üçrəngli bayrağımızı qürurla təmsil edirlər. Dövlət Bayrağı Günü hər bir vətəndaşa Vətən qarşısında məsuliyyətini, milli dəyərlərə sədaqətini və dövlət müstəqilliyinin qorunmasının vacibliyini xatırladır. Bayrağımıza hörmət etmək Azərbaycanın tarixinə, şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və gələcək nəsillərimizin sabahına hörmət etmək deməkdir. Üçrəngli bayrağımız bizim qürurumuz, milli kimliyimiz və müstəqilliyimizin əbədi rəmzidir. O, hər zaman müstəqil Azərbaycan dövlətinin səmasında dalğalanacaq, xalqımızın birliyini və əzmini dünyaya nümayiş etdirəcəkdir. Nə qədər ki, Azərbaycan var, onun üçrəngli bayrağı da daim yüksəklərdə dalğalanacaqdır!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki