3 OKTYABR 1993 – LİDER VƏ XALQ BİRLİYİ
3 oktyabr Azərbaycan üçün tarixi günlərdən biri oldu. Məhz həmin gündə xalqın böyük oğlu, xilaskarı olan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin işıqlı, uğurlu, gələcəyinin təməli qoyuldu. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdır. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi.
Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Öndərimizin əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasəti uğurla və çox yüksək səviyyədə davam etdirilir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı.
Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir, dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bacarıqla qorunur. Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Ulu Öndər Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, Onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firavanlığına, əmin-amanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək. Zaman keçdikcə Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə borcludurlar. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov




















