27 Sentyabr – Anım Günü Azərbaycan xalqı üçün çox mühüm və kövrək bir tarixdir
Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Hər il sentyabrın 27-də şəhidlərimizin qarşısında baş əyir, onların göstərdiyi qəhrəmanlığı və fədakarlığı bir daha xatırlayırıq. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı Vətən müharibəsinin başlanğıcı oldu. 44 gün davam edən müharibə Azərbaycan xalqının tarixində ən mühüm hadisələrdən birinə çevrildi. Bu müharibə zamanı xalqımız bir daha göstərdi ki, Vətən torpağı təhlükə qarşısında qalanda bütün fikir ayrılıqlarını bir kənara qoyaraq bir yumruq kimi birləşməyi bacarır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu qərar Vətən müharibəsində həyatını itirmiş bütün şəhidlərimizin xatirəsinə göstərilən böyük ehtiramın ifadəsidir. Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini və ordumuzun gücünü bütün dünyaya göstərdi. Müharibənin ilk günlərindən etibarən ölkə əhalisi əsgər və zabitlərimizin yanında oldu. Cəbhədə döyüşən hərbçilərimiz Vətən qarşısında öz borclarını yerinə yetirdilər. Arxa cəbhədə olan insanlar isə əsgərlərimizə mənəvi dəstək göstərdilər. Hər bir ailə qələbənin əldə olunması üçün öz imkanları daxilində üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışdı.
44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək bir sıra şəhər, rayon və kəndlərimizi işğaldan azad etdi. Bu döyüşlərdə minlərlə hərbçimiz qəhrəmancasına şəhid oldu, bir çox hərbçimiz yaralandı və sağlamlığını itirdi. Onların hər biri Vətən tarixində özünəməxsus iz qoydu. Bu gün azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması həmin qəhrəmanların fədakarlığının nəticəsidir. Vətən müharibəsində Şuşanın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Şuşanın azad olunması həm hərbi, həm də mənəvi baxımdan böyük hadisə idi. Azərbaycan əsgərləri çətin dağlıq ərazidən, meşələrdən və mürəkkəb yollardan keçərək böyük şücaət göstərdilər. Bu əməliyyat zamanı hərbçilərimizin cəsarəti və peşəkarlığı bir daha özünü göstərdi.
Cənab Prezident İlham Əliyevin Şuşanın azad edilməsindən sonra xalqa müraciətində səsləndirdiyi fikirlər Azərbaycan xalqının yaddaşında xüsusi yer tutdu. Şuşanın azad olunması Vətən müharibəsində dönüş nöqtələrindən biri oldu. 8 noyabr tarixinin Zəfər Günü kimi qeyd olunması da bu tarixi hadisənin xalqımız üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Vətən müharibəsində qazanılan Qələbə uzun illər ərzində həsrətlə gözlədiyimiz torpaqlara qayıdışımızın əsasını qoydu. İşğal altında olan ərazilərimizin azad edilməsi Azərbaycan xalqının ən böyük arzularından birinin həyata keçməsi idi. Bu torpaqlar uğrunda döyüşən, canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin xidmətləri heç vaxt unudulmayacaq.
Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmur. Şəhidlər bizim üçün sadəcə müharibədə həyatını itirmiş insanlar deyil. Onlar Vətən sevgisinin, fədakarlığın və qəhrəmanlığın nümunəsidir. Bu gün onların adları məktəblərdə, küçələrdə, yaşayış məntəqələrində əbədiləşdirilir, xatirələrinə abidələr ucaldılır. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı da onların qarşısında olan mənəvi borcumuzun ifadəsidir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc




















