27 ildən sonra işğaldan azad edilən Cəbrayıl
Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il sonra onun azadlığı Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin və milli iradəsinin daha bir parlaq səhifəsinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi.
Cəbrayıl rayonunda ilk mühüm qələbələr müharibənin elə ilk günlərindən əldə edildi. 27 sentyabr 2020-ci ildə Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi. Bu uğurlar Cəbrayıl şəhərinin azad olunmasına aparan Zəfər yolunun mühüm mərhələlərini təşkil etdi.
4 oktyabr 2020-ci il Cəbrayılın tarixində əbədi olaraq Zəfər günü kimi qalacaq. Həmin gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini, eləcə də Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndlərini işğaldan azad etdi. Bununla 27 illik işğala son qoyuldu və Cəbrayıl şəhərində Azərbaycan Bayrağı yenidən dalğalanmağa başladı.
Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, qəhrəmanlığının və milli ruhunun təntənəsi idi. Bu tarixi qələbə yalnız Cəbrayıl şəhərinin deyil, rayonun bütün yaşayış məntəqələrinin azadlığı üçün mühüm strateji əhəmiyyət daşıyırdı. Vətən müharibəsinin sonrakı günlərində Azərbaycan Ordusu rayonun digər kəndlərini də bir-birinin ardınca işğaldan azad etdi. 9 oktyabr, 15 oktyabr, 19–23 oktyabr, 25–26 oktyabr, 28 və 30 oktyabr, 2 və 4 noyabr, həmçinin 7 və 9 noyabr tarixlərində Cəbrayıl rayonunun çoxsaylı kəndlərinin azad edilməsi ilə rayonun ərazisinin böyük hissəsi düşmən işğalından təmizləndi.
Xüsusilə 18 oktyabr 2020-ci ildə Xudafərin körpüsü üzərində Azərbaycan Bayrağının ucaldılması Cəbrayılın azadlığı salnaməsində xüsusi əhəmiyyət daşıyan hadisə oldu. Bu tarixi məqam Azərbaycanın dövlət bayrağının əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni irsinin ayrılmaz hissəsi olmuş ərazilərimizdə yenidən dalğalanmasının rəmzinə çevrildi.
2020-ci il noyabrın 9-dək Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edilmişdi. Bu, Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi mühüm hərbi nəticələrdən biri olmaqla, Cəbrayıl rayonunun bütövlükdə azad olunmasına və doğma torpaqlarımıza Böyük Qayıdış prosesinin başlanmasına möhkəm zəmin yaratdı.
Cəbrayılın azadlığı 27 illik həsrətə son qoymaqla yanaşı, xalqımızın öz doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsinin başlanğıcı oldu. Bu gün Cəbrayıl şəhərində və rayonun kəndlərində genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
Cəbrayılın azad edilməsi Azərbaycan xalqının milli iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin tarixi nəticəsidir. 4 oktyabr 2020-ci il isə Cəbrayılın 27 illik işğaldan sonra yenidən azadlığa qovuşduğu şanlı tarix kimi daim xatırlanacaqdır.
Cəbrayıl azaddır! Qarabağ Azərbaycandır!
Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar






















