26 Avqust – Laçın şəhəri günü təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının bayramıdır
Laçın həm də qəhrəmanlıq və vətənpərvərlik simvoludur. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulmalıdır. Onların göstərdiyi qəhrəmanlıq nəticəsində bu gün Azərbaycan bayrağı Laçında qürurla dalğalanır. Laçına gedən yolların açılması, şəhərdə həyatın bərpası və insanların doğma yurdlarına dönüşü şəhidlərimizin müqəddəs xatirəsinə ən böyük ehtiram nümunəsidir.
26 Avqust – Laçın şəhəri günü təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının bayramıdır. Bu gün xalqımızın birlik, iradə və qələbə günüdür. Laçının azadlığı bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlıdır və heç bir zaman öz milli maraqlarından geri çəkilmir.
Bu gün Laçın yeni bir dövr yaşayır. Vaxtilə viran edilmiş kəndlərdə və şəhərlərdə yenidən həyat başlayır. Dağılmış evlərin yerində müasir yaşayış məntəqələri salınır, yeni məktəblər, yollar və sosial obyektlər tikilir. Ən əsası isə insanlar öz doğma torpaqlarına qayıdırlar. Bu qayıdış yalnız insanların köçməsi deyil, həm də tarixi ədalətin bərpasıdır.
Laçının gələcəyi ilə bağlı böyük planlar var. Rayonun zəngin təbiəti turizmin inkişafı üçün geniş imkanlar yaradır. Kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafı da bölgənin iqtisadi imkanlarını artıracaq. Yeni yolların və infrastrukturun yaradılması Laçının ölkənin mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.
26 Avqust – Laçın şəhəri günü münasibətilə hər bir azərbaycanlı qürur hissi keçirir. Bu gün biz həm keçmişin ağrılarını xatırlayır, həm də gələcəyə böyük ümidlə baxırıq. Laçının azadlığı bizə göstərdi ki, ən böyük arzular belə xalqın birliyi, dövlətin gücü və ordunun qüdrəti sayəsində gerçəyə çevrilə bilər.
Laçın artıq həsrət şəhəri deyil. Laçın bu gün azadlıq, qürur, qayıdış və yenidənqurma şəhəridir. Doğma yurduna qayıdan hər bir laçınlının sevinci bütün Azərbaycan xalqının sevincidir.
26 Avqust – Laçın şəhəri günü mübarək! Yaşa, azad Laçın!
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

















