image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir

image-legitimaz-810x90

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

 

Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi dövlətçilik tariximizinə qızıl hərflərlə yazılmış möhtəşəm nailiyyətlərlə zəngindir. Xalqımızın əzmkarlığı, ordumuzun şücaəti və cənab  Prezident İlham Əliyevin iradəsi sayəsində əldə olunan tarixi qələbələr ölkəmizin həm hərbi-siyasi qüdrətini, həm də hüquqi müstəqilliyini zirvəyə qaldırdı. Bu zəfər zəncirinin ən parlaq halqalarından biri olan 20 Sentyabr – Dövlət Suverenliyi Günü cəmiyyətimizin milli qürur hissinin və birliyinin əbədi təntənəsidir. Otuz ilə yaxın müddət ərzində doğma yurd həsrəti ilə yaşayan xalqımız məhz Ali Baş Komandanın qətiyyəti sayəsində ədalətin bərpasına şahidlik etdi. 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz suveren hüquqlarını qətiyyətlə qorumaq gücündə olduğunu bütün dünyaya nümayiş etdirdi. Qısa zaman kəsiyində düşmənin hərbi potensialının sıradan çıxarılması və separatizmə birdəfəlik son qoyulması ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd sakinləri artıq doğma evlərinə dönərək üçrəngli bayrağımızın kölgəsində azad həyat yaşayırlar. Bu tarixi hadisə sadəcə hərbi qələbə deyil, həm də Azərbaycan Konstitusiyasının ölkənin bütün coğrafiyasında bərqərar olmasının təntənəsi idi.

Əldə edilən bu möhtəşəm uğurların dərin hüquqi məzmununu cəmiyyətə çatdırmaq, dövlət suverenliyinin əhəmiyyətini gələcək nəsillərə aşılamaq məqsədilə ölkə rəhbərliyi tərəfindən mühüm strateji qərarlar qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. Bu mühüm sənəd dövlətimizin ali qanununun aliliyinin qorunması ilə yanaşı, qazanılan qələbələrin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətdə hüquqi şüurun yüksəldilməsinə, vətəndaş həmrəyliyinin artırılmasına və dövlətçilik dəyərlərinin təbliğinə güclü təkan verib. Bu addım həm də o deməkdir ki, Azərbaycan Respublikasında Əsas Qanunun tələbləri ölkəmizin hər bir qarışında birmənalı şəkildə işləyir və hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qətiyyətlə qorunur.

Bu gün işğaldan azad edilən torpaqlarda aparılan nəhəng bərpa və quruculuq işləri suverenliyimizin real təzahürüdür. “Böyük Qayıdış” Dövlət Proqramının uğurla icra olunması nəticəsində həmin ərazilərdə müasir infrastruktur yaradılır, yeni kəndlər, qəsəbələr salınır, mədəniyyət ocaqları bərpa edilir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti qurucudur, sülhün və inkişafın tərəfdarıdır. 20 Sentyabr Dövlət Suverenliyi Günü və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xalqımızın qürur mənbəyi olmaqla yanaşı, gələcəyə inamla baxmağımızın əsas təminatıdır. Üçrəngli bayrağımızın əbədi dalğalanacağı bu müqəddəs torpaqlarda suverenliyimiz hər zaman sarsılmaz olacaqdır.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki