2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Azərbaycanın dövlətçilik tarixində 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin müstəqilliyi, dövlətçilik ənənələri və hüquqi dövlət quruculuğu baxımından mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncam imzalanıb. Bu qərarın əsas məqsədi Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünün və dövlət suverenliyinin bərpasının əhəmiyyətini bir daha vurğulamaqdır. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib. Konstitusiya ölkəmizin əsas qanunudur. Burada dövlət quruluşunun əsasları, insan və vətəndaş hüquqları, dövlət hakimiyyətinin təşkili və digər mühüm məsələlər öz əksini tapır. Konstitusiyanın qəbulundan ötən 30 il ərzində Azərbaycanda dövlət və hüquq sistemi inkişaf edib. Ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər nəzərə alınaraq Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər edilib.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsində dövlət suverenliyinin bərpası da xüsusi yer tutur. 2023-cü ilin sentyabrında baş verən hadisələrdən sonra Azərbaycan öz ərazisi üzərində dövlət hakimiyyətinin tam təmin edildiyini açıqladı. Bu hadisə ölkənin müasir tarixində mühüm mərhələ hesab olunur. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması da bu tarixi hadisələrlə bağlıdır. Bu gün Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin əhəmiyyətini xatırlamaq, dövlətçilik dəyərlərini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi məna daşıyır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkədə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər vasitəsilə Konstitusiyanın və dövlət suverenliyinin əhəmiyyəti barədə cəmiyyətdə maarifləndirmə işlərinin aparılması, xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması diqqət mərkəzindədir.
Konstitusiyaya hörmət və qanunlara əməl etmək dövlət və cəmiyyət həyatının əsas şərtlərindəndir. Hər bir vətəndaş öz hüquq və vəzifələrini bilməli, dövlət qanunlarına hörmətlə yanaşmalıdır. Dövlət suverenliyinin qorunması isə yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin ümumi məsuliyyətidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrinə diqqəti artırmaq baxımından əhəmiyyətlidir. Bu il həm Konstitusiyanın 30 illik tarixini, həm də dövlət suverenliyinin əhəmiyyətini daha dərindən anlamaq üçün bir fürsətdir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə qeyd olunan bu tarix bizə müstəqil dövlətimizin hüquqi əsaslarını, suverenliyimizin əhəmiyyətini və dövlətçilik dəyərlərinin qorunmasının vacibliyini bir daha xatırladır.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova





















