1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
Laçın Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbiətə malik bölgələrindən biridir. Hər il 26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması bu qədim şəhərin tarixində mühüm bir mərhələni – onun işğaldan azad olunmasını və doğma sakinlərinin öz yurdlarına qayıdışını simvolizə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə şəhər günlərinin təsis edilməsi və Laçın şəhəri gününün 26 avqustda qeyd olunması bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin göstəricisidir.
Laçının şəhər kimi formalaşması XX əsrin əvvəllərinə təsadüf edir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Laçın yalnız inzibati ərazi deyil, həm də Azərbaycanın təbii sərvətlərinin, tarixi-mədəni irsinin və milli yaddaşının mühüm ünvanlarından biridir. Rayonun dağlıq relyefi, meşələri, mineral bulaqları və zəngin flora-faunası ona xüsusi gözəllik bəxş edir. Laçın ərazisində müxtəlif dövrlərə aid tarixi və memarlıq abidələri də mövcud olmuşdur. Rəsmi məlumatlara görə, rayonda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə qeydə alınmışdı.
1992-ci il mayın 18-də Laçının işğal olunması rayonun tarixində ağır və faciəli səhifə açdı. İşğal nəticəsində minlərlə sakin doğma yurdlarından didərgin düşdü, rayonun sosial, mədəni və tarixi infrastrukturu dağıdıldı, çoxsaylı maddi-mədəni irs nümunələri zərər gördü. Lakin uzun illər davam edən həsrət xalqımızın Laçına bağlılığını sarsıtmadı. Laçın yaddaşlarda yaşadı və azad olunacağı günə inam qorundu.
2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində də dönüş yaratdı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 26 avqust həm Laçının azadlığı, həm də şəhərin yeni inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşdü.
Bu gün Laçın şəhərində aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri doğma yurda qayıdışın real mənzərəsini yaradır. Şəhərin müasir simasının formalaşdırılması ilə yanaşı, onun tarixi ruhunun və təbii özəlliklərinin qorunmasına da xüsusi diqqət yetirilir. Laçının dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış siyasətinin mühüm nümunələrindən biridir.
26 avqust – Laçın şəhəri günü bu baxımdan yalnız təqvimdəki əlamətdar tarix deyil. Bu gün tarixə, milli irsə, doğma torpağa bağlılığın, əzmkarlığın və Zəfərin rəmzidir. Laçın bu gün azad, yenilənən və gələcəyə inamla addımlayan şəhər kimi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeni inkişaf salnaməsini yazır. Laçının hər bir yenilənən küçəsi, ucalan binası və doğma torpağına qayıdan sakini xalqımızın yaddaşında bu şəhərin əbədi yaşayacağının ifadəsidir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru




















