17 Oktyabr – tarixi qayıdışın və böyük quruculuğun təcəssümü
17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli iradənin, vətənə bağlılığın və doğma torpaqlara qayıdış əzminin təcəssümünə çevrilən əlamətdar tarixdir. Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi uğurların mühüm səhifələrindən olmaqla ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlardan biri, xalqımızın uzun illər ərzində yaşatdığı qayıdış arzusunun gerçəkləşməsinin və tarixi ədalətin bərpasının parlaq təcəssümüdür. 1993-cü ildə işğala məruz qalan rayonun sakinləri neçə illər ərzində doğma yurdlarından uzaqda məskən salmağa məcbur olmuş, ata-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşamışlar. İşğal dövründə şəhərin və kəndlərin infrastrukturu dağıdılmış, yaşayış məntəqələri yararsız vəziyyətə salınmış, tarixi-mədəni irsə ciddi ziyan dəymişdir. Buna baxmayaraq, əhalinin doğma yurda bağlılığı, torpaq həsrəti və qayıdış ümidi heç vaxt sönməmiş, uzun illər davam edən bu həsrət haqq savaşımız nəticəsində sona çatmışdır. 2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsində rəşadətli ordumuzun döyüş meydanında böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan ərazilərin azad edilməsi istiqamətində mühüm nailiyyətlər qazanması müasir tariximizə qızıl hərflərlə yazılmış, oktyabrın 17-də Füzuli şəhərinin azad olunması da bu mübarizənin əhəmiyyətli nəticələrindən biri kimi tarixə düşmüşdür. Bu hadisə illərlə yurd həsrəti çəkən minlərlə insanın qəlbində qayıdış ümidini yenidən alovlandırmaqla, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan mübarizənin mühüm mərhələsini təşkil etmişdir. Bu gün 17 Oktyabr həm qəhrəmanlıq tarixinin xatırlanması, həm də azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətinin vurğulanması baxımından xüsusi məna daşıyır. Füzuli şəhərinin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış ərazilərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və sakinlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Bu məqsədlə şəhərdə və rayonun digər yaşayış məntəqələrində genişmiqyaslı bərpa və quruculuq tədbirlərinə başlanıldı. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər doğma torpaqlarda dayanıqlı yaşayışın təmin edilməsini, iqtisadi fəallığın bərpasını, sosial xidmətlərin yaradılmasını və müasir şəhərsalma prinsiplərinin tətbiqini nəzərdə tutur. Bu tədbirlər sırasında Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi, beynəlxalq əlaqələrinin gücləndirilməsi və Qarabağın iqtisadi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun inşası bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərlərarası hərəkətin asanlaşdırılmasına və iqtisadi-turizm əlaqələrinin inkişafına geniş imkanlar yaradır. Şəhərdə inşa edilən yaşayış kompleksləri doğma yurdlarına qayıdan sakinlərin müasir və rahat mənzillərlə təmin olunmasına, onların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bununla yanaşı, Füzulidə məktəb binalarının tikintisi təhsil infrastrukturunun yenidən qurulması, uşaqların keyfiyyətli təhsil alması və gələcək nəslin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır. İdman kompleksinin tikintisi isə gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və şəhərin sosial infrastrukturunun zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bu layihələr Füzulinin yenidən qurulmasının kompleks xarakter daşıdığını, şəhərin yalnız fiziki baxımdan bərpasına deyil, həm də müasir yaşayış, təhsil, nəqliyyat və sosial imkanlara malik inkişaf etmiş məkana çevrildiyini göstərir. Beləliklə 17 Oktyabr – Füzuli şəhəri günü mübarizənin qələbəyə, həsrətin qayıdışa, dağıntıların quruculuğa çevrildiyi tarixi yolun rəmzi, Füzulinin dirçəlişi isə doğma torpaqlarımızda həyatın bərpasının, gələcəyə yönəlmiş inkişafın və milli yaddaşın yaşadılmasının mühüm nümunəsidir.
İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri
























