17 Oktyabr – Füzuli Şəhəri Günü- Tarixi Zəfərdən Böyük Qayıdışa
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq əlamətdar günlərdən biri də 17 Oktyabr – Füzuli Şəhəri Günüdür. Bu tarix xalqımızın Vətən sevgisinin, Azərbaycan Ordusunun qəhrəmanlığının, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının təcəssümüdür. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı mühüm qələbələrdən biri kimi tarixə yazılmışdır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Qarabağın dilbər guşələrindən olan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək uzanan maili düzənlikləri və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları, həmçinin Araz çayı boyunca İranla həmsərhəddir. Quruçay, Köndələnçay və Çərəkən çayları bu ərazinin təbii-coğrafi xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Təbiəti, əlverişli coğrafi mövqeyi və münbit torpaqları ilə seçilən Füzuli tarixən əkinçilik və heyvandarlıq üçün əlverişli məkan olmuşdur.
Füzulinin tarixi də zəngin və maraqlıdır. Şəhərin əsası 1827-ci ildə qoyulmuş, ilkin olaraq Qarabulaq adlandırılmışdır. 1930-cu ildə burada rayon təşkil edilmiş və Qaryagin adı verilmişdir. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Beləliklə, şəhər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin adını daşımaqla milli-mədəni irsimizin ayrılmaz hissəsinə çevrilmişdir.
Füzuli rayonu qədim tarixini özündə yaşadan memarlıq və dini abidələrlə zəngindir. İşğaldan əvvəl ərazidə çoxsaylı türbələr, məscidlər, karvansaralar, körpülər və qədim qəbiristanlıqlar mövcud olmuşdur. Babı kəndində yerləşən XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi, Əhmədalılar kəndinin orta əsr qəbiristanlığında yerləşən türbə, eləcə də XIX əsrə aid Cəlil türbəsi bu irsin diqqətəlayiq nümunələrindəndir. Qarğabazar kəndindəki Şah Abbas karvansarası və məscid də bölgənin tarixi-memarlıq zənginliyini nümayiş etdirir.
Lakin 1993-cü il avqustun 23-də Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğal olunması bu qədim diyarın tarixi-mədəni irsinə ağır zərbə vurmuşdur. Bir sıra abidələr dağıdılmış, yandırılmış və ciddi zərər görmüşdür. Bu faktlar tarixi irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının nə qədər mühüm olduğunu bir daha göstərir.
Füzuli şəhərinin azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, əsgər və zabitlərimizin igidliyinin parlaq təzahürüdür. Vətən müharibəsinin 21-ci günündə, 2020-ci il oktyabrın 17-də şəhərin azad olunması Azərbaycan xalqında böyük sevinc və qürur hissi yaratmışdır. Füzuli uğrunda aparılan ağır döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaət, şəhidlərimizin fədakarlığı və qazilərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Bu Zəfər torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin və milli birliyimizin rəmzinə çevrilmişdir.
Bu gün Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. 2023-cü il avqustun 18-dən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması doğma torpaqda yeni həyatın qurulması yolunda əhəmiyyətli mərhələ olmuşdur.
17 Oktyabr – Füzuli Şəhəri Günü yalnız bir şəhərin azadlığının ildönümü deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və gələcəyə inamının ifadəsidir. Füzulinin yenidən dirçəldilməsi, tarixi irsinin qorunması və sakinlərinin doğma yurdda firavan yaşayışının təmin edilməsi Azərbaycanın qələbə salnaməsinin davamıdır. Bu əlamətdar gün münasibətilə Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı, füzulililərə isə doğma yurdda xoşbəxt və firavan həyat arzulayırıq.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
























