17 Oktyabr – Füzuli şəhəri günü
Füzuli şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan, milli birlik və həmrəyliyi, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu gün uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın doğma torpaqlara bağlılığının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ olmuşdur. Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan bir sıra ərazilərimiz, o cümlədən Füzuli şəhəri azad edilmişdir. 17 oktyabr tarixində Füzuli şəhərinin işğaldan azad olunması rayonun tarixində yeni mərhələnin başlanğıcı olmuş, uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərdə qayıdış və gələcəyə inam hissini gücləndirmişdir.
Füzuli şəhərinin azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və Azərbaycan Ordusunun hərbi uğurlarının mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Bu tarixi hadisə xalqımızın milli iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətini nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, hər il 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi müəyyən edilmişdir. Bu qərar Füzuli şəhərinin azad olunmasının tarixi əhəmiyyətinin dövlət səviyyəsində qeyd edilməsi, həmin hadisənin milli yaddaşda yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Füzuli şəhəri gününün təsis olunması, eyni zamanda, şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, Vətən müharibəsi iştirakçılarının fədakarlığının qiymətləndirilməsi və milli vətənpərvərlik dəyərlərinin təbliği baxımından əhəmiyyətlidir. Bu gün Azərbaycan xalqının öz torpaqlarına sahib çıxmaq əzmini, dövlətimizin suveren hüquqlarının bərpasını və milli həmrəyliyin gücünü təcəssüm etdirir. İşğaldan azad edildikdən sonra Füzuli şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun yenilənməsi, sosial obyektlərin yaradılması və əhalinin rahat yaşayışının təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlər Füzulinin gələcək inkişafına, iqtisadi potensialının reallaşdırılmasına və doğma yurdlarına qayıdan sakinlərin davamlı məskunlaşmasına xidmət edir. 17 oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının tarixi qələbəsinin, milli birliyinin və dövlətçilik iradəsinin rəmzidir. Bu əlamətdar günün hər il qeyd olunması Füzuli şəhərinin azad edilməsinin tarixi əhəmiyyətini bir daha vurğulayır, şəhidlərimizin xatirəsinin yaşadılmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verir. Füzuli şəhərinin dirçəlişi və gələcək inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq siyasətinin mühüm tərkib hissəsidir.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri




















