12 NOYABR – MÜSTƏQİLLİYİMİZİN HÜQUQİ TƏMƏLİ
12 noyabr Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik bir gündür. 1995-ci ilin bu günü Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyamız ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Ulu Öndər Konstitusiyanın qəbulundan sonra demişdir: “Bu, müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Bu Konstitusiya müstəqil Azərbaycanın demokratiya, hüquqi dövlət quruculuğu yolunda atdığı ən böyük addımdır.” Bu sənəd sadəcə hüquqi akt deyil, dövlət müstəqilliyimizin əbədiliyinin, xalqımızın azadlıq iradəsinin, demokratik inkişaf yolumuzun təntənəsidir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xaosdan, hərc-mərclikdən qurtularaq hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yoluna qədəm qoydu. Bu gün isə bu müqəddəs irs cənab Prezident İlham Əliyev tərəfindən böyük sədaqətlə, diqqət və qayğı ilə qorunur, inkişaf etdirilir və ən əsası, Konstitusiyamızın ərazi bütövlüyümüzlə bağlı müddəaları Ali Baş Komandan tərəfindən reallığa çevrilib. Konstitusiya Ümummi Liderimiz Heydər Əliyev dühasının məhsulu, cənab Prezident İlham Əliyev iradəsinin qoruduğu və yaşatdığı sənəddir. Ulu Öndər onu yaratdı, Böyük Sərkərdə onu bütün Azərbaycan ərazisində bərqərar etdi. Bu gün Xankəndidə, Şuşada, Laçında dalğalanan üçrəngli bayrağımız və qüvvədə olan Konstitusiyamız – Heydər Əliyev-İlham Əliyev tandeminə xalq sevgisinin ən böyük sübutudur. Konstitusiya Günü sadəcə bir sənədin yubileyi deyil, Qarabağın azadlığı ilə taclanan dövlətçiliyimizin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə Konstitusiyanın aliliyinin təmin edilməsinə, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, qanunun aliliyinə və hüquqi dövlət quruculuğunun inkişafına xüsusi əhəmiyyət verir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Konstitusiya müstəqil Azərbaycanın suverenliyinin, dövlət idarəçiliyinin və demokratik inkişafının əsas hüquqi dayağı kimi mühüm yer tutur.
Hər il 12 Noyabr – Konstitusiya Gününün qeyd olunması müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarına, milli dövlətçilik ənənələrinə və xalqımızın tarixi iradəsinə ehtiramın ifadəsidir. Bu əlamətdar günün qeyd edilməsi cəmiyyətdə hüquqi maarifləndirmənin gücləndirilməsi, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən bilməsi, gənc nəslin qanunlara hörmət ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyada təsbit edilmiş dövlətçilik prinsiplərinin tarixi baxımdan əhəmiyyətini daha da artırmışdır. Bu gün Azərbaycan öz suveren hüquqlarını bütün ərazisində həyata keçirən müstəqil dövlətdir. Konstitusiyamız dövlət müstəqilliyimizin hüquqi əsaslarının, milli-mənəvi dəyərlərimizin və demokratik inkişaf prinsiplərimizin təcəssümüdür. Bu ali sənədə hörmət, onun müddəalarına əməl olunması, milli dövlətçilik ənənələrinin və mədəni irsimizin qorunması hər bir vətəndaşın mənəvi və vətəndaşlıq məsuliyyətidir. Konstitusiyamız xalqımızın tarixi yaddaşını, müasir dövlətçilik reallıqlarını və gələcəyə yönəlmiş inkişaf məqsədlərini birləşdirən etibarlı hüquqi təməldir. Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümü nəzərə alınaraq, cənab Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyanın dövlətçilik tariximizdəki yerinin, suverenliyin və ərazi bütövlüyünün əhəmiyyətinin bir daha diqqətə çatdırılması baxımından xüsusi məna daşıyırdı. Konstitusiyaya hörmət dövlətə, xalqa, milli maraqlara və qanunun aliliyinə hörmət deməkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində bu prinsiplərin qorunması Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Konstitusiyamız dövlət müstəqilliyimizin hüquqi təminatı, milli suverenliyimizin rəmzi və Azərbaycanın gələcək inkişafının möhkəm təməlidir!
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aydın Şıxəliyev























