image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur

image-legitimaz-810x90

Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsi, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən təzyiqlər, zorakılıq və etnik ayrı-seçkilik siyasəti nəticəsində yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından didərgin salınmışdır. Xüsusilə, 1988–1991-ci illərdə Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlı əhali öz doğma yurdlarını tərk etməyə məcbur edilmiş, onların yaşayış evləri, əmlakları və təsərrüfatları itirilmişdir. Bu proses sonrakı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və Azərbaycan ərazilərinin işğalı ilə daha ağır humanitar nəticələr doğurmuşdur. 1990-cı illərin əvvəllərində hərbi əməliyyatların genişlənməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilmiş, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən ağır humanitar böhran yaranmışdır. İnsanlar doğma evlərini, torpaqlarını, şəxsi əmlaklarını və illərlə formalaşdırdıqları sosial-iqtisadi həyatlarını geridə qoyaraq ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmağa məcbur olmuşlar. Məcburi köçkünlük problemi uzun illər ərzində Azərbaycanın sosial siyasətinin, iqtisadi inkişafının və humanitar gündəliyinin əsas məsələlərindən biri olaraq qalmışdır.

Ermənistanın işğalı altında olmuş ərazilərdə yaşayış məntəqələri, sənaye müəssisələri, kənd təsərrüfatı obyektləri, təhsil və səhiyyə müəssisələri, yol-nəqliyyat şəbəkəsi, elektrik və su təchizatı sistemləri, rabitə infrastrukturu genişmiqyaslı dağıntılara məruz qalmışdır. Bir zamanlar Azərbaycanın iqtisadi və mədəni həyatında mühüm yer tutan şəhər və kəndlər xarabalığa çevrilmiş, istehsal və xidmət infrastrukturu sıradan çıxarılmışdır.

İşğal dövründə Azərbaycanın tarixi-mədəni irsinə də ciddi zərər vurulmuşdur. Tarixi abidələr, məscidlər, türbələr, qəbiristanlıqlar, muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri dağıdılmış, bir sıra hallarda onların tarixi və memarlıq xüsusiyyətləri dəyişdirilmişdir. Bu hallar Azərbaycan xalqının maddi və mənəvi irsinin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından ciddi itkilərə səbəb olmuşdur.

Bununla yanaşı, işğal olunmuş ərazilərdə təbii sərvətlərin və resursların istismarı, meşə örtüyünün məhv edilməsi, su ehtiyatlarının və torpaq sahələrinin ekoloji vəziyyətinin pisləşməsi regionun təbii tarazlığına mənfi təsir göstərmişdir. Uzun müddət ərzində kənd təsərrüfatı təyinatlı torpaqların istifadədən kənarda qalması, meliorasiya və suvarma sistemlərinin dağıdılması, istehsal müəssisələrinin fəaliyyətinin dayanması həmin ərazilərin iqtisadi potensialının itirilməsinə gətirib çıxarmışdır. 30 ildən artıq davam edən məcburi köçkünlük insanların sosial və psixoloji vəziyyətinə, ailə münasibətlərinə və həyat şəraitinə uzunmüddətli təsir göstərmişdir. Xüsusilə, məcburi köçkün ailələrində böyüyən və doğma torpaqlarını yalnız ailə xatirələri və valideynlərinin danışdıqları vasitəsilə tanıyan gənc nəsil üçün bu məsələ xüsusi sosial və mənəvi əhəmiyyət kəsb etmişdir. Doğma yurda qayıdış arzusu onilliklər ərzində yüz minlərlə insanın həyatında əsas məqsədlərdən biri olmuşdur.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bununla da uzun illər davam edən işğala son qoyulmuş, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üçün yeni imkanlar yaranmışdır. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir şəhərsalma prinsipləri əsasında yaşayış məntəqələri salınır, yol-nəqliyyat, enerji, kommunikasiya, təhsil və səhiyyə infrastrukturu yenidən qurulur. Bərpa prosesinin mühüm istiqamətlərindən biri də əhalinin təhlükəsiz və dayanıqlı qayıdışının təmin edilməsidir. Bu məqsədlə yaşayış məntəqələrinin yenidən qurulması ilə yanaşı, iqtisadi fəaliyyətin canlandırılması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, kənd təsərrüfatı və turizm potensialının reallaşdırılması istiqamətində kompleks tədbirlər görülür.

 

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki