Müğənni Dünya Dərya Bakıda “Venesiya” şadlıq sarayında keçirilən toyda zəhərlənib.
İfaçı Teleqraf-a açıqlamasında toy mərasimində səhhətinin pisləşdiyini deyib.
“Toy mərasiminin müğənnisi mən idim. Şadlıq sarayının müğənnisi deyiləm. Toy mərasiminə nağara ifaçısı Vaqif bəyin dəvəti ilə getmişdim. Onun qohumunun toy mərasimi idi. Toy mərasimində 500 qonaq var idi. Çox insan zəhərlənib, çünki toy mərasimindən çıxıb evdə halı pisləşənlər də olub.
Musiqiçi stolunda on nəfərdən, iki nəfər mən və udarnik ifaçısı, onun adını bilmirəm, zəhərlənmişik”,-deyə D.Dərya deyib.
İfaçı deyib ki, səhhəti toy mərasimində pisləşib: “Aprelin 18-də saat 22:30-da gördüm ki, halım pisləşir. Toy mərasimində tort verilirdi. Birdən əlimi ürəyimə tutdum, qarnımda güclü ağrı hiss etdim. Restoranın offisiantını çağırdım. O mənə dedi ki, bəlkə siz də zəhərlənmisiniz. Birinci mərtəbə insanla doludur. Mən aşağı düşəndə qaytarmağa yer tapa bilmədim, insan o qədər çox idi. Əlimə paket verdilər, ona qaytardım. Camaatın toy mərasimi yasa çevrildi.
Beş təcili yardım maşını gəlmişdi. Mənə dedilər ki, Sabunçu Tibb Mərkəzində yer yoxdur, sizi Kürdəxanı Sağlamlıq Mərkəzinə aparırıq. Orada 9 nəfər xəstə var idi. Ölümdən döndüm. Xəstəxanada mədəmizi yudular, sistem köçürdülər və bir-iki saatdan sonra evə buraxdılar.
Amma reanimasiyada ağır qalan xəstələr də var. Bu bir cinayətdir. “Venesiya” şadlıq sarayının sahibini məhkəməyə verəcəm. Təsəvvür edin ki, toy mərasimində halım pisləşib, restoranın administratoru mənə deyir ki, sizdən soruşsalar deyin, evdə zəhərlənmisiniz. Mən toy mərasimlərində yemək yeyən deyiləm. Həmin gün evdə yemək yeməmişdim. Toyda paytaxt salatı, bir ədəd lülə kabab, bir ədəd toyuq langeti, bir ədəd isə soyutma ət yedim. Holland pendiri də yedim. Meyvələrdən isə bir dilim kivi, bir mandarin və üzüm yedim. Üzümdən də zəhərləndiyimi düşünürəm. Bir stəkan da qozlu peçeniya ilə çay içmişəm. Guya ki, hadisə evdə olub. Axı, toy mərasiminə evdən ac getmişəm.
Mən restoran haqda araşdırdım və bir sənət dostum dedi ki, şadlıq sarayının sahibi yaxşı insan deyil. Musiqiçilərin haqqını kəsən insandır. Dediyim kimi, sabah məhkəməyə müraciət edəcəm. Udarnik çalan musiqiçi də hüquq-mühafizə orqanlarına şikayət edəcək.
Təsəvvür edin ki, ölümdən dönmüşük, amma şadlıq sarayından zəng edib səhhətimizlə belə maraqlanan olmayıb. Bəlkə də xəstəxanaya bir saat gec getsəydik dünya ilə vidalaşacaqdıq.
Hətta deyirlər ki, restoranı işlədən Elton adlı şəxs yüksək səviyyədə başqa bir neçə restoran da idarə edir.
Bəlkə kimsə düşmənçiliklə də edə bilər. Yaxud da zəhərlənmə hadisəsi yeməklərdən də ola bilər. Toy sahibinin qohumu Vaqif bəy dedi ki, bəlkə də 300 nəfər zəhərlənib”.
Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağrılıb.
Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatıdırılıb.
Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.