Ən son xəbərlər:

27.09.2022/6:44/GORANBOYDA İDMANIN AĞIR ATLETİKA NÖVÜNƏ XÜSUSİ QAYĞI GÖSTƏRİLİR

Sürətlə inkişaf edən Azərbaycan bütün istiqamətlərdə, o cümlədən idman sahəsində də əldə etdiyi uğurlar sayəsində dünyada idman dövləti kimi tanınır.

Ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də ağır atletikadır. Azərbaycanda son illər idmanın bu növünün inkişafı, kütləviliyinin artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, mütəmadi yarışlar təşkil olunur, yeni idman kompleks və zalları istifadəyə verilir.

Son zamanlar Goranboyda idmanın ağır atletika növünün inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir.  Belə ki, bu günlərdə Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gənclər və İdman naziri  Fərid Qayıbov, AAF-nın vitse-prezidenti Azər Əliyev,  rayona gəlmiş, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev  və  Milli Məclisin deputatı Anar Məmmədov birlikdə  Goranboy rayonu  Olimpiya İdman Kompleksində məşqçilər və idmançılarla görüşmüşlər.

Rayona səfər etmiş hörmətli qonaqlar idmanın müxtəlif növləri, o cümlədən ağır atletika sahəsində fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi və genişləndirilməsi ilə bağlı aidiyyəti mütəxəssislərlə birgə müzakirələr aparmış və gənc idmançılarla xatirə şəkli çəkdirmişlər.