Ən son xəbərlər:

08.05.2024/17: 27/ Aİ liderləri fon der Leyenin fəaliyyətindən narazıdırlar

Aİ liderləri fon der Leyenin fəaliyyətindən narazıdırlar

Aİ liderləri Ursula fon der Leyenin Avropa Komissiyasının (AK) sədri vəzifəsində fəaliyyətindən narazıdırlar. Bu barədə “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, əvvəllər fon der Leyeni dəstəkləyən bir çox Aİ ölkələrinin rəhbərliyinin nümayəndələri indi onun fəaliyyətinin nəticələrindən narazı olduqlarını bildirirlər. Xüsusilə, Aİ ölkələrinin başçıları Avropa iqtisadiyyatının zəifləməsindən və AK-nin iqlim siyasətinə köklənməsindən narazıdırlar. Bundan əlavə, onlardan bəziləri fon der Leyeni qohumbazlıqda və siyasi şəffaflığın olmamasında ittiham edir.

Nəşrin yazdığına görə, 2019-cu ildə fon der Leyenin AK rəhbəri postuna namizədliyini xüsusilə Fransa prezidenti Emmanuel Makron dəstəkləyib, lakin indi o da onu tənqid edir. Bu yaxınlarda Fransa lideri bildirib ki, Avropa Komissiyası sədrinin fəaliyyəti həddindən artıq siyasiləşdirilməməlidir.

Bundan əvvəl Bundestaqın müdafiə komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann fon der Leyeni Avropanın təhlükəsizliyinə əhəmiyyət vermədiyinə görə tənqid etmişdi. Komitə sədrinin fikrincə, AK rəhbəri hərbi əməkdaşlığa və Aİ-nin möhkəmlənməsinə kifayət qədər sadiq deyil.