Qafqaz coğrafiyasında heç bir şəhər Ağdam qədər həm maddi, həm də mənəvi şəkildə “yoxluqla imtahan” prosesindən keçməyib. XX əsrin sonlarında şəhərin taleyinə yazılan dağıntı miqyası elə böyük idi ki, Ağdam yalnız işğal olunmuş ərazi deyildi – o, məhv edilmiş bir mühit, susdurulmuş bir yaddaş, unudulmağa məhkum edilən bir kimlik idi. Bu səbəbdən “Qafqazın Xirosiması” ifadəsi sadəcə bənzətmə yox, mədəniyyət soyqırımı üçün yaradılmış metaforik xəritədir.
Əgər Xirosima nüvə şoku ilə insanlığın elmi və hərbi məsuliyyətsizliyinin simvoluna çevrilibsə, Ağdam da Qafqaz məkanda düşünülmüş mədəniyyət və şəhərçilik soyqırımının göstəricisidir. Burada fərq dağıntının texnologiyasında deyil, dağıtma niyyətinin mahiyyətində idi. Bu paralel Ağdamın yalnız fiziki dağıntısını yox, ruhən silinməsini də təsvir edir.
Ağdam üzərindəki 30 illik işğalı elmi yanaşma ilə şərh etdikdə, şəhərin məhvi aşağıdakı mərhələlərlə izah oluna bilər:
- Demoqrafik boşaltma – İnsanların çıxarılması ilə şəhər sosial funksiyasını itirdi.
- Mədəniyyət qatının qırılması – Məscidlər, muzeylər, qəbiristanlıqlar, memarlıq nümunələri məqsədli şəkildə sıradan çıxarıldı.
- İqtisadi və urbanistik məkanın ləğvi – Ev, infrastruktur, sənaye obyektləri talan edildi.
- Yaddaşın məhv edilməsi – Toponimlərin dəyişdirilməsi cəhdi, tarixi xatırladan bütün fiziki işarələrin aradan götürülməsi.
- Boşluğun “tənha zona”ya çevrilməsi – Ağdam şəhər deyil, “xəritədə qaranlıq ləkə” funksiyasına salındı.
Bu model Xirosima üçün mövcud deyil. Xirosima dağılsa da, heç vaxt yaddaşsızlaşdırılmadı. Ağdam isə həm dağıdıldı, həm unudulmağa məcbur edildi.
“Ağdam – Qafqazın Xirosiması” ifadəsi konkret tarixi fəlakətin deyil, Qafqazda mədəniyyət və şəhərçilik kimliyinə qarşı törədilən planlı vandalizmin poetik simvoludur.
Bu gün Ağdamın yenidən dirçəlişi isə həmin simvolun yeni mənasını yaradır:
yoxluqdan varlığa dönüşün, dağıntıdan dirçəlişin və yaddaşın qələbəsinin simvolu.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqüddə olan müəllim




















