1993-cü ilin iyul günü Azərbaycanın yaddaşına təkcə hərbi xəritənin dəyişməsi kimi yox, həm də bütöv bir şəhərin susdurulduğu gün kimi həkk olundu. Ağdamın işğalı Qarabağ münaqişəsinin ən faciəli səhifələrindən birinə çevrildi. Bu şəhər yalnız coğrafi məkan deyildi – burada insanların xatirələri, ailə səsləri, toyların şənliyi, yazın çiçəyi, yaylaqdan gələn iy vardı. İşğal isə bütün bunları bir anın içində dağıntıya çevirdi.
Ağdam Qarabağın düzənliklə dağlıq xəttinin qovşağında yerləşdiyi üçün strateji baxımdan hər zaman hədəf olub. Şəhərin itirilməsi təkcə torpaq itkisi deyildi – bu, Qarabağın dərinliklərinə açılan yolun düşmənə təhvil verilməsi demək idi. Ağdamın möhkəm dayanması Azərbaycanın müdafiə xəttinin ən vacib dayaqlarından biri idi. Buna görə də şəhər ağır artilleriyanın, davamlı hücumların və sistemli mühasirənin mərkəzində qalırdı.
İşğaldan əvvəl Ağdam küçələrinin səsi hər an kəsilməzdi: məktəb uşaqlarının səs-küyü, dükanların qapı səsi, çörək bişən tandırların ətri… Amma mühasirə daraldıqca bu səslər azalmağa başladı. İnsanlar evlərinə son dəfə baxaraq çıxırdılar: nənələr sandıqlarını aça bilmədən qoyub gedir, kişilər qapını kilidləyib sanki “geri dönəcəyik” deyə ümidlə açarı cibinə qoyurdu. Bir vaxtlar “kiçik Bakı” adlandırılan Ağdam bir neçə gün içində bir ruh şəhərinə çevrildi.
Ağdam təkcə işğal edilmədi, həm də sistemli şəkildə məhv edildi. Ev-eşik yandırıldı, məscidlər təhqir olundu, qəbiristanlıqlar dağıdıldı. Şəhər xəritədə mövcud olsa da, reallıqda yoxdurmuş kimi görünürdü. Dünyada çox az şəhər var ki, müharibə sonrası bu qədər məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam bu baxımdan XX əsrin sonunun “qara ləkələrindən” biri idi.
Ağdamlılar üçün itki yalnız ev deyildi – itirilən uşaqlıq idi, məktəb idi, qonşu səsləri idi. Onilliklərlə davam edən həsrət insanların ruhunu sükutla doldurdu. Hər il minlərlə insan doğma yurdunu görə bilmədiyi üçün şikəst olan xatirələrin yükünü daşıyırdı. Ağdamlı olmaq bir nisgilə çevrildi – “orada bir evimiz var idi” cümləsi isə hər ailənin içində qırılıb qalan bir səs oldu.
Lakin bütün bu dağıntı içində bir həqiqət unudulmadı: şəhərlər binalardan yox, insanlardan ibarətdir. Ağdamlılar ölkənin hər yerində çalışdı, qurdu, yaratdı və yaşadı. Onlar öz ruhlarında doğma şəhəri yaşatdılar. Hər Ağdamlı könlündə bir küçənin adını, bir budağın kölgəsini, bir bulağın səsini qorudu. Bu, işğalın məğlub edə bilmədiyi tək şey – insan xatirəsinin gücü idi.
2020-ci ildə Ağdamın azad edilməsi illərlə davam edən sükutun qırılması idi. Şəhərə qayıdan ilk addımlar dağıntılar arasında dolaşanda belə bir hiss vardı: torpaq ölməyib, sadəcə yuxuya gedib. Hər dağılmış divar bir söz deyirdi – “məni yenidən qaldırın”. Ağdamın bərpası təkcə tikinti işi deyil, həm də bir ruhun dirçəldilməsi prosesidir.
Bu gün Ağdamda yeni tikililər, yeni yollar, yeni həyat başlayır. Şəhər bərpa olunur, lakin bərpa sadəcə fiziki deyil – həm də mənəvi bir qayıdışdır. İnsanlar qayıtdıqca, uşaq səsi çoxaldıqca, Ağdam yenidən özünü tapır. Şəhər bir vaxtlar sükutun paytaxtı idi, indi isə dirçəlişin simvoluna çevrilir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru




















