Ən son xəbərlər:

04.04.2023/17:11 /Gəncənin icra başçısı “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüşüb

Gəncənin icra başçısı “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüşüb.

Azərbaycan Kubokunun qalibi “Gəncə” Basketbol Klubunun üzvlərini qəbul edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görüşdə Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. İcra başçısı ilk dəfə keçirilən yarışda komandanın qazandığı uğuru yüksək qiymətləndirərək bu qələbənin şəhərin idman sahəsinə böyük bir töhfə olduğunu vurğulayıb və komandanı bu münasibətlə təbrik edib, uğurlar arzulayıb.

Şəhər İcra Hakimiyyətinin məlumatına istinadən görüşdə millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, klubun məşqçiləri və üzvləri iştirak ediblər. Millət vəkili Müşfiq Cəfərov ulu Gəncəmizdə basketbolun da futbol idman növü qədər sevildiyini, yarış zamanı zalı dolduracaq qədər azarkeşlərinin olduğunu söyləyib, Klub üzvlərinə uğurlar arzulayıb.

“Gəncə” Basketbol Klubunun məşqçisi Rizvan Səfərov və komandanın kapitanı Amil Həmzəyev klubun fəaliyyətindən danışıblar. Bildiriblər ki, klub cari mövsümdə Azərbaycan çempionatında da uğurlu nəticə əldə edib. Ölkə kuboku uğrunda ilk dəfə yarış keçirildiyi üçün isə kubok həmişəlik ilk sahibində qalacaq.

Çıxışlardan sonra icra başçısına komandanın forması hədiyyə olunub və ev oyunlarına dəvət edilib.

Sonda xatirə şəkli çəkdirilib.