Ən son xəbərlər:

25.10.2022/08:09/ Göygöldə problemlər yerində araşdırılır

Göygöl rayonunun Qırıqlı kəndində RİH-nin başçısı Elvin Paşayev aidiyyəti struktur qurumlarının nümayəndələrinin iştirakı ilə fermerlərlə görüş keçirmişlər. Görüşdə KTN-nin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov və digər şəxslər iştirak etmişlər.

Görüş zamanı, fermerlərin üzləşdikləri problemlərlə bağlı müraciətlər dinlənilmiş, su itkisinin qarşısının alınması, əkin sahələrinin vaxtında suvarılması üçün arxların təmizlənməsi, təmir-bərpa işləri ilə bağlı təkliflər qeydiyyata götürülmüşdür. Su ilə bağlı problemlərin yerindəcə araşdırılması və həll olunması istiqamətində su övzələrinə baxışın keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Bundan başqa görüşdə iştirak edən məsul şəxslər payızlıq əkinlərin aparılması nəzərdə tutulan sahələrdə olmuş, tarla əkin işləri ilə maraqlanmış, taxıl əkilməsi üçün şum aparılmış əkin sahələrində səpin işlərinin mövcud vəziyyəti ilə yaxından tanış olublar.