Kəlbəcərin İşğalı: Tarixi, Humanitar və Beynəlxalq Hüquqi Kontekst
1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş bu işğal aktı həm regional təhlükəsizliyə, həm də beynəlxalq hüquqa ciddi zərbələr vurmuşdur.
Kəlbəcər Azərbaycanın ən strateji bölgələrindən biridir. Coğrafi mövqeyi, təbii sərvətləri, zəngin su ehtiyatları və dağ keçidləri rayonu region üçün hərbi-siyasi baxımdan xüsusi əhəmiyyətli edirdi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi fonunda Kəlbəcər istiqamətində geniş miqyaslı hücum əməliyyatları aparılmış və 1993-cü ildə rayon tam şəkildə işğal edilmişdir.
İşğal zamanı 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir və girov götürülmüş, yüzlərlə insanın taleyi isə bu günə qədər naməlum olaraq qalır. Bu faktlar müharibə hüququnun və ümumbəşəri humanitar prinsiplərin kobud şəkildə pozulmasının bariz nümunəsidir.
İşğal nəticəsində Kəlbəcər əhalisi Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Bu hadisə Azərbaycanın demoqrafik xəritəsinə ciddi təsir göstərmiş, bütöv bir regionun sosial strukturunu sarsıtmışdır.
Məcburi köçkünlük təkcə fiziki məkanın itirilməsi deyil, həm də sosial-iqtisadi fəaliyyətlərin pozulması, mədəni yaddaşın parçalanması, psixoloji travmalar və nəsillərarası sosial problemlər yaratmışdır. Bu aspektdən Kəlbəcərin işğalı təkcə hərbi akt deyil, həm də böyükmiqyaslı humanitar böhran kimi qiymətləndirilməlidir.
Kəlbəcər rayonunun işğalı Azərbaycan mədəni irsinə ağır zərbə vurmuşdur. İşğal illərində onlarla tarixi və mədəniyyət abidəsi,97 məktəb, 9uşaq bağçası,116 kitabxana,43 klub,42 mədəniyyət evi,tarix-diyarşünaslıq muzeyi,yüzlərlə inzibati bina və minlərlə mənzil dağıdılmış və talan edilmişdir.
Rayonun təbii sərvətləri – qızıl yataqları, meşə fondları, nadir biomüxtəliflik sahələri və sənaye resursları sistemli şəkildə Ermənistana daşınmışdır. Bu faktlar UNESCO-nun mədəni irsin qorunması prinsiplərinə tam ziddir.
Kəlbəcərin işğalı beynəlxalq birlik tərəfindən də rəsmən qeydə alınmışdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 apreldə qəbul etdiyi 822 saylı qətnamə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu qətnaməyə əməl etməmiş, beynəlxalq təşkilatlar isə qərarın icrasını təmin edə biləcək mexanizmlər işə salmamışdır. Bu hal beynəlxalq hüququn səmərəliliyinə dair uzun illərdir müzakirə olunan problemlərin daha bir nümunəsidir.
Kəlbəcərin işğalı Ermənistan üçün sırf taktiki hərbi əməliyyat deyildi. Regionun ələ keçirilməsi bir sıra strateji məqsədlərə xidmət edirdi:
Kəlbəcərin 2020-ci ildə sülh müqaviləsinə uyğun olaraq Azərbaycana qaytarılması tarixi ədalətin bərpası baxımından son dərəcə mühüm hadisə olmuşdur. Bu hadisə yalnız siyasi deyil, həm də humanitar, mədəni və iqtisadi bərpa proseslərinin başlanması üçün yeni imkanlar açmışdır.
Gülnar Tağıyeva Zərdab rayonu, Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi




















