Ən son xəbərlər:

07.11.2022/09:47/ 44 günlük müharibə haqqında filmin premyerası Türkiyədə keçiriləcək (VIDEO)

Türkiyə tamaşaçıları azərbaycanlı rejissor Vaqif Mustafayevin 44 günlük müharibədən bəhs edən filmini ilk dəfə görəcəklər.

Sputnik Azərbaycan xəbər verir ki, «Həyat, deyəsən gözəldir» filminin beynəlxalq premyerası Türkiyənin Bursa şəhərində «Dədə Qorqud» tammetrajlı bədii və sənədli filmlər festivalında keçiriləcək.

Bədii filmdə baş rolları Hikmət Rəhimov, Georgi Seliya, Sevinc Əliyeva, Demetre Samxaradze, Nino Qomarteli, Abbas Qəhramanov, Anaida Rostovskaya, Çingiz Həsənov və Avtandil Maxaradze oynayıblar.

Film 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən bəhs edir. Filmdə tragikomik janrda əsir düşmüş iki erməni qardaşının hekayəsi yer alıb. Çəkilişlər Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı şəhərində və Abşeron yarımadasında aparılmışdır.

Layihənin təşkilatçıları Türkiyə Beynəlxalq Kino Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyi olub. Rejissor Vaqif Mustafayevin filmi bədii filmlər müsabiqəsində baş mükafat uğrunda mübarizə aparacağı festival proqramına daxil edilmişdir. O, həmçinin öz əsərinin ssenari müəllifi kimi çıxış edib.