Ən son xəbərlər:

06.04.2023/19:55/ Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların və gənclərin əl işlərindən ibarət sərgi keçirilib

Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların və gənclərin əl işlərindən ibarət sərgi keçirilib.

xeberaz. info Daşkəsən Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzi Daşkəsən Uşaq İncəsənət məktəbi və Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə istedadla uşaq və gənclərin əl işlərindən ibarət sərgi keçirib.

Sərgiyə baxış Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova giriş nitqində Ümummilli Lider Heydər Əliyevin geniş və hərtərəfli fəaliyyəti ilə ölkəmizin siyasi, iqtisadi, mədəni həyatında əsaslı dönüş yaratmasından danışıb.

Qeyd edilib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. 1990-cı illərin əvvəllərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalarkən Ümummilli Liderimiz bütün çətinliklərə baxmayaraq heç bir təhlükədən çəkinmədən xalqımızı və dövlətçiliyimizi xilas etdi. Müasir Azərbaycanı gərgin zəhməti və fədakar fəaliyyəti ilə yaratdı, müstəqilliyini əbədi və dönməz etdi.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı inkişaf etdirəcək uğurlu lider – Prezidentimiz İlham Əliyevi yetişdirmək oldu. Bu gün İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dinamik inkişaf edir, müasirləşir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı xalqımıza unudulmaz Zəfər bəxş etdi və bu Zəfər ölkəmizin dövlətçilik tarixinə qızıl hərflərlə həkk olundu.

Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi İlahə Xıdırova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs gənc nəsillər tərəfindən dərindən öyrənilməlidir.

Böyük maraqla qarşılanan sərgidə nümayiş etdirilən əsərlərdə Ulu Öndər Heydər Əliyevin mənalı ömqünün müxtəlif anları, habelə Vətən müharibəsinin Zəfər sevinci, qəhrəmanlıq, vətənpərvərlik, Şuşa mövzusu üstünlük təşkil edib.