Ən son xəbərlər:

15.12.2022/03:05/ Çavuşoğlu: Azərbaycan beynəlxalq hüquqa uyğun hərəkət edir (VIDEO)

Azərbaycan ərazilərində qanunsuz mədən hasilatı ilə bağlı vəziyyətlə bağlı Bakı beynəlxalq hüquq normalarına uyğun hərəkət edir və Türkiyə bu ədalətli mübarizədə Azərbaycanı dəstəkləyir.

Bunu ötən gün Azərbaycan-Türkiyə-Türkmənistan sammitindən sonra azərbaycanlı jurnalistlərlə söhbəti zamanı Laçın yolunda etiraz aksiyasına münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, ilk növbədə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinin bərpası və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Çavuşoğlu qeyd edib ki, Laçın dəhlizinin məqsədi məlumdur və məhz bu məqsədlər üçün orada Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Diplomat Rusiyanın sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni çıxarılması və satışının beynəlxalq hüquqa zidd olduğu və mahiyyətcə Azərbaycanın sərvətlərinin talandığına diqqət çəkib. Mütəxəssislərin monitorinq üçün ora buraxılmaması isə orada yol verilən qanun pozuntularının ciddiliyindən xəbər verir, buna səbəb düzgün nəzarətin olmamasıdır ki, bu da yolverilməzdir.

“Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməlidir və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilər bu monitorinqlərə mane olmamalıdır”, – Çavuşoğlu belə vurğulayıb.

O, Azərbaycanın həm hüquqi nöqteyi-nəzərdən haqlı olduğunu, həm də qeyri-qanuni fəaliyyətə ədalətli müqavimət göstərdiyini izah edib.

Ona görə də biz bu ədalətli mübarizədə Azərbaycanı dəstəkləyirik”, – deyə Çavuşoğlu bildirib.