image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Xəzər dənizi Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında xüsusi yer tutur

image-legitimaz-810x90

Xəzər dənizi Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında xüsusi yer tutur

Azərbaycanın nəqliyyat sahəsində əsas hədəflərindən biri ölkə ərazisindən keçən marşrutların səmərəliliyini artırmaq və beynəlxalq tərəfdaşlar üçün etibarlı şərait yaratmaqdır. Bunun üçün yalnız yolların və dəmir yollarının mövcudluğu kifayət etmir. Sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmənin genişləndirilməsi və daşımalar zamanı vaxt itkisinin azaldılması da mühüm əhəmiyyət daşıyır. Xəzər dənizi Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında xüsusi yer tutur. Ölkəmiz Xəzərin qərb sahilində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm əlaqə nöqtəsi rolunu oynayır. Qazaxıstan və Türkmənistan kimi ölkələrdən gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılır, buradan isə digər ölkələrə göndərilir.

Bu imkanlar Azərbaycanın dəniz nəqliyyatı və logistika sahəsində əhəmiyyətini artırır. Xəzər üzərindən yükdaşımaların genişlənməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda, limanların imkanlarının artırılması, gəmiçilik xidmətlərinin inkişafı və nəqliyyat əməliyyatlarının əlaqələndirilməsi regionun ümumi iqtisadi fəallığına müsbət təsir göstərir. Azərbaycanın Xəzər dənizi vasitəsilə qurduğu əlaqələr təkcə yük daşımaları ilə məhdudlaşmır. Bu əməkdaşlıq ticarətin, sənaye məhsullarının mübadiləsinin, kənd təsərrüfatı əlaqələrinin və birgə investisiya layihələrinin inkişafı üçün də əlverişli şərait yaradır. Beləliklə, Xəzər dənizi ölkəmizi müxtəlif iqtisadi məkanlar arasında birləşdirən təbii körpü rolunu oynayır. Azərbaycanın Avrasiya məkanında əhəmiyyətini artıran digər mühüm istiqamət enerji sahəsidir. Ölkəmiz uzun illərdir neft və qaz hasilatı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara çatdırılması sahəsində də fəaliyyət göstərir. Azərbaycanın enerji siyasəti həm iqtisadi inkişaf, həm də beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı–Tbilisi–Ceyhan neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasında əsas marşrutlardan biridir. Cənub Qaz Dəhlizi isə Azərbaycan təbii qazının Gürcüstan, Türkiyə və Avropaya nəqlini təmin edən mühüm enerji sistemidir. Bu layihələr ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni göstərir. Enerji təhlükəsizliyi hər bir dövlət üçün vacib məsələdir. Ölkələr enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirməyə çalışırlar. Azərbaycan bu baxımdan etibarlı tərəfdaş kimi çıxış edərək enerji əməkdaşlığının genişlənməsinə töhfə verir. Bununla yanaşı, enerji sahəsində uzunmüddətli müqavilələr və infrastruktur layihələri ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Hazırda dünyada bərpa olunan enerji mənbələrinə maraq da artır. Günəş və külək enerjisinin inkişafı Azərbaycanın gələcək imkanlarını genişləndirir. Xəzər dənizində külək enerjisi potensialından istifadə, günəş enerjisi layihələrinin həyata keçirilməsi və elektrik enerjisinin ixracı istiqamətində görülən işlər ölkəmizin enerji sahəsində yeni mərhələyə keçməsi üçün imkanlar yaradır. Bu istiqamətdə uğur qazanmaq Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, həm də təmiz enerji istehsalı və ötürülməsi ilə Avrasiya məkanında mövqeyini gücləndirə bilər. Belə layihələr iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların tətbiqinə və gələcək nəsillər üçün daha dayanıqlı inkişafın təmin edilməsinə kömək edər.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki