image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Xankəndidə Azərbaycan bayrağının dalğalanması dövlətimizin suverenliyinin bütün ölkə ərazisində bərpa olunmasının mühüm rəmzinə çevrildi

image-legitimaz-810x90

Xankəndidə Azərbaycan bayrağının dalğalanması dövlətimizin suverenliyinin bütün ölkə ərazisində bərpa olunmasının mühüm rəmzinə çevrildi

 

Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan hadisələrdən biri də 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Dövlət bayrağımızın ucaldılması oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Xankəndidə Azərbaycan Respublikasının Dövlət bayrağını ucaltdı. Bu hadisə xalqımızın uzun illər gözlədiyi tarixi arzunun gerçəkləşməsi idi. Xankəndidə Azərbaycan bayrağının dalğalanması dövlətimizin suverenliyinin bütün ölkə ərazisində bərpa olunmasının mühüm rəmzinə çevrildi. İllər əvvəl işğal altında olan torpaqlarda bayrağımızın dalğalanacağına inamını ifadə edən Azərbaycan xalqı həmin tarixi anın şahidi oldu. Prezident İlham Əliyev Xankəndidəki çıxışı zamanı xalqımızın qazandığı Qələbənin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, bu Qələbə tariximizdə əbədi qalacaq və gələcək nəsillər onunla haqlı olaraq fəxr edəcəklər. Bu gün Xankəndidə, Şuşada və Qarabağın digər şəhər və kəndlərində Azərbaycan bayrağının dalğalanması dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirir. Vaxtilə bu torpaqlarda bayrağımızın ucaldılmasını arzulayan insanlar artıq həmin arzunun gerçəkləşdiyini görürlər.

Dövlət bayrağına hörmət yalnız bayram günlərində və rəsmi tədbirlərdə göstərilməməlidir. Bu hörmət hər bir insanın gündəlik həyatında, davranışında və dövlətə münasibətində özünü göstərməlidir. Bayrağımızın qorunması, onun mənasının gənc nəslə öyrədilməsi və dövlət rəmzlərimizə ehtiramın aşılanması hamımızın üzərinə düşən vəzifədir. Xüsusilə məktəblərdə və digər təhsil müəssisələrində uşaqlara Dövlət bayrağımızın yaranma tarixi, rənglərinin mənası və xalqımız üçün daşıdığı əhəmiyyət haqqında geniş məlumat verilməlidir. Gənclər bilməlidirlər ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun arxasında böyük bir tarix, müstəqillik uğrunda mübarizə, xalqımızın arzuları və şəhidlərimizin müqəddəs qanı dayanır. Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəldikdə Azərbaycan bayrağının yüksəldilməsi hər birimizdə qürur hissi yaradır. Xarici ölkələrdə keçirilən tədbirlərdə bayrağımızın dalğalanması Azərbaycanın dünyada tanınmasının və nüfuzunun göstəricisidir. Dövlət bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında ucaldıqca hər bir azərbaycanlının qəlbində sevinc və fəxarət hissi yaranır. Bayrağa sevgi Vətənə sevgidən başlayır. Vətənini sevən insan onun dövlət rəmzlərinə də hörmətlə yanaşır, ölkəsinin inkişafına töhfə verməyə çalışır, milli dəyərlərini qoruyur və gələcək nəsillərə sağlam dövlətçilik düşüncəsi aşılayır. 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün xüsusi məna daşıyan əlamətdar tarixdir. Bu gün biz yalnız dövlət rəmzimizi deyil, həm də xalqımızın keçdiyi çətin və şərəfli yolu, müstəqillik uğrunda mübarizəsini, qəhrəman övladlarımızın fədakarlığını və qazandığımız tarixi Qələbələri xatırlayırıq.

Üçrəngli bayrağımız Azərbaycanın dünənini, bu gününü və gələcəyini birləşdirən müqəddəs dövlətçilik rəmzidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu ən dəyərli milli sərvətlərdən biridir. Onun qorunması və daim uca tutulması hər birimizin mənəvi borcudur. Bu gün müstəqil Azərbaycan dövləti inkişaf edir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir, işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işləri həyata keçirilir.

 

Elmir Rəhimov – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki