Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinə hər zaman böyük hörmət və ehtiramla yanaşırdı
Azərbaycan xalqının müstəqillik arzularının yenidən gücləndiyi dövrdə üçrəngli bayrağımızın bərpası istiqamətində mühüm addımlar atıldı. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri oldu.
1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirildi. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və milli dövlətçilik ənənələrinin bərpası ilə bağlı mühüm qərarlar qəbul edildi. Bu addım Azərbaycanın gələcək müstəqilliyinə doğru atılan mühüm siyasi addımlardan biri idi. Hələ sovet hakimiyyətinin mövcud olduğu bir vaxtda milli bayrağımızın dövlət səviyyəsində yenidən qəbul edilməsi böyük cəsarət və siyasi iradə tələb edirdi. Ulu Öndər Heydər Əliyev bununla xalqımızın tarixi yaddaşına, milli dəyərlərinə və müstəqillik istəyinə sahib çıxdı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdi. Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun üçrəngli bayrağı yenidən müstəqil dövlətimizin rəsmi rəmzinə çevrildi.
Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinə hər zaman böyük hörmət və ehtiramla yanaşırdı. O, bayrağın xalqın mənəvi birliyində, dövlətçilik düşüncəsinin formalaşmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını bildirirdi. Ulu Öndərin bu fikirləri hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıyır: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.
Bu sözlər bayrağımıza münasibətin necə olmalı olduğunu aydın şəkildə göstərir. Dövlət bayrağına hörmət əslində Vətənə, xalqa və müstəqil dövlətimizə hörmət deməkdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdən biri də Azərbaycanın dövlət rəmzlərinə hörmətin artırılması, onların qorunması və gələcək nəsillərə çatdırılmasıdır.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunla Dövlət bayrağının hansı yerlərdə qaldırılması, rəsmi tədbirlərdə necə istifadə olunması, digər dövlətlərin bayraqları ilə birlikdə yerləşdirilməsi və ona hörmətlə yanaşılması qaydaları müəyyənləşdirilmişdir.
İman Əsədli – Dəkkəoba kənd sakini, fəal gənc


























