image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9fdef890177790237798984280010272835

Şuşanın azad edilməsi hərb tarixində də xüsusi hadisə kimi qiymətləndirilir

image-legitimaz-810x90

Şuşanın azad edilməsi hərb tarixində də xüsusi hadisə kimi qiymətləndirilir

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə qeyd olunan adi günlər deyil, həm də xalqın yaddaşında əbədi yaşayacaq böyük hadisələrin rəmzinə çevrilir. 8 Noyabr da məhz belə əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın birliyini, Vətən sevgisini, mübarizə əzmini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində yeni bir səhifə açdı, uzun illər davam edən torpaq həsrətinə son qoyulmasının ən böyük rəmzlərindən birinə çevrildi.

Dövlət başçısı cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu gün həm də xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin rəmzidir. Hər il bu tarixin qeyd edilməsi bizə keçdiyimiz çətin və şərəfli yolu xatırladır, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiramımızı ifadə etmək, qazilərimizin qəhrəmanlığını bir daha yada salmaq imkanı yaradır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında tarixi dönüş nöqtəsi oldu. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün Azərbaycan Ordusu böyük əzmkarlıqla mübarizəyə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmənə qarşı uğurlu əməliyyatlar həyata keçirərək bir-birinin ardınca yaşayış məntəqələrini, strateji yüksəklikləri və şəhərlərimizi azad etdi. Bu müharibə bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarından heç vaxt imtina etməyib və tarixi ədalətin bərpası üçün bütün çətinliklərə sinə gərməyə hazırdır.

Noyabrın 8-də isə xalqımızın illərlə gözlədiyi ən böyük xəbərlərdən biri gəldi. Azərbaycan Ordusu Qarabağın ürəyi, mədəniyyətimizin beşiyi hesab olunan Şuşa şəhərini işğaldan azad etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad edildiyini bildirdi. Dövlət başçısının “Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu.

Bu müraciət sadəcə bir hərbi uğurun elan edilməsi deyildi. Bu, 28 il yarımdan artıq davam edən ayrılığın sona çatması, xalqımızın doğma torpaqlarına qayıdışının başlanması demək idi. Şuşanın azad olunması ilə Azərbaycan xalqının mənəvi dünyasında böyük bir sevinc yaşandı. Çünki Şuşa hər bir azərbaycanlı üçün adi şəhər deyil. Bu şəhər tariximiz, mədəniyyətimiz, musiqimiz, ədəbiyyatımız və milli kimliyimizlə sıx bağlıdır.

Şuşanın azad edilməsi hərb tarixində də xüsusi hadisə kimi qiymətləndirilir. Şəhərin mürəkkəb dağlıq relyefi, sıldırım qayaları və çətin keçidləri hərbi əməliyyatların aparılmasını olduqca çətinləşdirirdi. Azərbaycan əsgərləri ağır şəraitdə, əsasən yüngül silahlarla dağlardan, meşələrdən və dar cığırlardan keçərək böyük qəhrəmanlıq göstərdilər. Bu əməliyyat hərbçilərimizin yüksək peşəkarlığını, fiziki hazırlığını, cəsarətini və Vətənə bağlılığını bir daha nümayiş etdirdi. Şuşanın azad edilməsi təkcə hərbi gücümüzün deyil, həm də Azərbaycan əsgərinin yenilməz ruhunun göstəricisi oldu.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki