Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu
Qarabağ Zəfərinə aparan tarixi yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən dövlətçilik strategiyası, milli maraqlara əsaslanan siyasi kurs və müstəqil Azərbaycanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qoyulmuşdur. Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf xətti sonrakı dövrdə Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilmiş, Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən birinə çevrilmişdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl islahatlar, genişmiqyaslı quruculuq işləri və sosial-iqtisadi inkişaf proqramları Azərbaycanın dövlətçilik potensialını əhəmiyyətli dərəcədə gücləndirmişdir. İqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, strateji infrastruktur layihələrinin reallaşdırılması və müdafiə sənayesinin inkişafı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional və qlobal miqyasda nüfuzunun artmasına şərait yaratmışdır. İqtisadi imkanların genişlənməsi milli təhlükəsizlik və müdafiə siyasətinin də yeni mərhələyə yüksəlməsinə imkan vermişdir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarəti altında Azərbaycan Ordusunun müasirləşdirilməsi, ən qabaqcıl silah-sursat və hərbi texnika ilə təchiz edilməsi, hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onlarda vətənpərvərlik ruhunun və Vətənə sədaqət hissinin möhkəmləndirilməsi də bu siyasətin mühüm istiqamətlərini təşkil etmişdir.
Güclü iqtisadi təməl, müasir hərbi potensial, düşünülmüş xarici siyasət və qətiyyətli siyasi iradənin vəhdəti Azərbaycanın milli maraqlarının təmin olunması üçün etibarlı zəmin yaratmışdır. Uzun illər ərzində beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasının təmin edilməməsi, münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən səylərin nəticəsiz qalması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzm və qətiyyətini daha da gücləndirmişdir. Azərbaycanın artan iqtisadi-hərbi imkanları və prinsipial siyasi mövqeyi BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi, uzun müddət icra olunmamış qalan dörd qətnaməsinin ölkəmiz tərəfindən yerinə yetirilməsinə imkan vermişdir.
Qarabağ Zəfərinin təmin edilməsində xalqımızın Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, nümayiş etdirdiyi yüksək milli həmrəylik və sarsılmaz birlik də mühüm rol oynamışdır. Vətən müharibəsi dövründə cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd ətrafında səfərbər olunması, dövlət-xalq-ordu birliyinin möhkəm təzahürü, ölkə daxilində hökm sürən yüksək vətənpərvərlik ruhu qələbə əzmini daha da gücləndirmişdir. Xalqın öz Liderinə inamı, dövlət siyasətinə dəstəyi və milli maraqların müdafiəsi naminə nümayiş etdirdiyi birlik Azərbaycanın tarixi missiyasının uğurla həyata keçirilməsinin mühüm mənəvi-siyasi dayağına çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi Azərbaycanın qüdrətli dövlətə çevrilməsini, güclü iqtisadi və hərbi potensial formalaşdırmasını təmin etmişdir. Bu möhkəm təməl üzərində qazanılan Qarabağ Zəfəri dövlətçilik ənənələrinin davamlılığının, milli iradənin, güclü liderliyin, rəşadətli Ordunun və xalq birliyinin tarixi təntənəsi kimi Azərbaycan salnaməsində özünəməxsus yer tutmuşdur.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru





















