Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Şakir Muradov.