Müharibə bizim seçimimiz olmayıb.
Müharibə hər bir xalq üçün ağır sınaqdır. O, insan həyatına son qoyur, ailələri doğmalarından ayırır, şəhər və kəndləri dağıdır. Sülhün, təhlükəsizliyin və insanların rahat yaşamasının nə qədər vacib olduğunu isə müharibənin ağrı-acısını yaşayan xalqlar daha yaxşı bilirlər. Azərbaycan da uzun illər münaqişə və müharibə şəraitində yaşamış, öz torpaqlarını işğaldan azad etmək üçün çətin mübarizə aparmışdır.
Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müharibəyə münasibətini, ölkəmizin üzləşdiyi çətinlikləri və sülhə verdiyi əhəmiyyəti bir daha gündəmə gətirir. “Müharibə bizim seçimimiz olmayıb” fikri Azərbaycan xalqının yaşadığı tarixi hadisələri anlamaq baxımından mühüm məna daşıyır. Azərbaycan xalqı uzun illər torpaqlarının işğalı, doğma yurdlarından didərgin düşmüş insanların ağır həyatı və münaqişənin yaratdığı problemlərlə üzləşib. İşğal altında qalan ərazilərimizdə evlər, məktəblər, tarixi və dini abidələr dağıdılıb, minlərlə ailə öz doğma yurduna qayıtmaq imkanından məhrum olub. Bu vəziyyət ölkəmiz üçün həm siyasi, həm də humanitar baxımdan ciddi problem yaradıb.
Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllinə çalışıb. Beynəlxalq təşkilatların imkanlarından istifadə olunub, danışıqlar aparılıb və problemin ədalətli həlli üçün müxtəlif addımlar atılıb. Lakin uzun illər davam edən danışıqlar işğal problemini aradan qaldırmayıb. Nəticədə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparmaq məcburiyyətində qalıb. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm yer tutur. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatları apararaq bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin ən mühüm hadisələrindən biri oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılmasına və bölgədə yeni mərhələnin başlanmasına şərait yaratdı.
Bu qələbə Azərbaycan xalqının birliyini, ordumuzun döyüş qabiliyyətini və insanların doğma torpaqlarına bağlılığını nümayiş etdirdi. Eyni zamanda müharibə ağır itkilərlə müşayiət olundu. Şəhidlər verdik, qazilərimiz sağlamlıqlarını itirdilər, çoxsaylı ailələr böyük ağrı yaşadı. Buna görə də müharibədən danışarkən qələbə ilə yanaşı, onun insan həyatına vurduğu zərbələri də unutmamalıyıq. “Müharibə bizim seçimimiz olmayıb” fikri məhz bu tarixi şəraitdə xüsusi əhəmiyyət qazanır. Azərbaycan üçün əsas məqsəd yeni münaqişə yaratmaq deyil, uzun illər davam edən işğala son qoymaq, ölkənin ərazi bütövlüyünü bərpa etmək və vətəndaşların doğma yurdlarına qayıtmasına imkan yaratmaq olub.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın öz tarixinə və təhlükəsizlik məsələlərinə hansı mövqedən yanaşdığını göstərir. Ölkəmiz üçün əsas məsələ müharibəni davam etdirmək deyil, əldə olunmuş nəticələri qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək və xalqın rifahını yüksəltməkdir.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov

























