Laoslu tələbələrin Azərbaycanda təhsil alması mümkündür
Bu gün Azərbaycan və Laos arasında siyasi münasibətlər yaxşı səviyyədədir. Bununla yanaşı, iqtisadi əlaqələrin mövcud imkanlara uyğun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində yeni layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu baxımdan Prezident Thonqlun Sisulitin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin praktiki məzmununun gücləndirilməsinə xidmət edir. İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və mövcud əməkdaşlıq potensialının reallaşdırılması səfərin əsas istiqamətlərini təşkil edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat və logistika imkanları, eləcə də Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəm Laos ilə iqtisadi münasibətlərin gələcək perspektivlərini artırır. Eyni zamanda, Laos ilə əməkdaşlıq Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiya bazarını daha yaxından öyrənmək baxımından əhəmiyyətli imkanlar yarada bilər.
Azərbaycan ilə Laos arasında humanitar əməkdaşlığın inkişafında təhsil sahəsi mühüm yer tutur. Görüş zamanı qeyd edilmişdir ki, keçmiş Sovet İttifaqı dövründə iki mindən çox Laos vətəndaşı Azərbaycanda təhsil almışdır. Bu tarixi təcrübə iki ölkə arasında təhsil əlaqələrinin möhkəm ənənələrə malik olduğunu göstərir və həmin ənənələrin müasir dövrdə bərpa edilməsi üçün zəmin yaradır.
Bu baxımdan, Laoslu tələbələrin Azərbaycanda təhsil alması imkanlarının genişləndirilməsi təklif edilmişdir. Bu məqsədlə Laos vətəndaşları üçün müvafiq təqaüd mexanizminin yaradılması məsələsi irəli sürülmüşdür. Belə bir mexanizm laoslu gənclərin Azərbaycan ali təhsil müəssisələrində təhsil almasına, bilik və peşə bacarıqlarını artırmasına, eləcə də iki ölkə arasında humanitar əlaqələrin inkişafına imkan verə bilər.
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və uzunmüddətli əlaqələrin formalaşmasına xidmət edir. Azərbaycanda təhsil alan laoslu tələbələr gələcəkdə əldə etdikləri bilik və təcrübədən öz ölkələrinin inkişafı naminə istifadə edə, bununla yanaşı, Azərbaycan ilə Laos arasında əlaqələrin inkişafına töhfə verə bilərlər. Təqaüd imkanlarının yaradılması və tələbə mübadiləsinin təşviqi gələcək illərdə Azərbaycanda təhsil alan Laos vətəndaşlarının sayının artmasına şərait yaradacaqdır. Beləliklə, keçmişdə mövcud olmuş təhsil ənənələrinin bərpası iki ölkə arasında humanitar əməkdaşlığın genişləndirilməsi və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım olacaqdır.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri


























