Hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir.
Azərbaycanın xarici siyasətində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə və daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət mühüm yer tutur. Ölkəmiz beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanın, dialoqun və əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Laos ilə münasibətlərin inkişafı da bu prinsiplərə uyğun olaraq həyata keçirilir. İki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsi beynəlxalq platformalarda əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycan və Laosun müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirməsi dövlətlər arasında etimadın formalaşmasına töhfə verir. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının fəaliyyət göstərməsi və siyasi təşkilatlar arasında təmasların mövcudluğu münasibətlərin institusional əsaslarını gücləndirir. Belə əlaqələr yalnız rəsmi görüşlər və diplomatik təmaslarla məhdudlaşmır. Onlar həmçinin dövlət qurumları arasında təcrübə mübadiləsinə, qanunvericilik sahəsində əməkdaşlığa və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına imkan yaradır. Məhz buna görə də Birgə Bəyanatın qəbul edilməsi siyasi münasibətlərin davamlılığını təmin etmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi və regional əməkdaşlıq təşəbbüslərində fəal iştirakı Laos ilə münasibətlərin inkişafı üçün də əlavə imkanlar yaradır. Tərəflər arasında siyasi dialoqun davam etdirilməsi qarşılıqlı maraqların uzlaşdırılmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edə bilər.
Azərbaycan ilə Laos arasında münasibətlərin gələcək inkişafı baxımından iqtisadi əməkdaşlığın xüsusi əhəmiyyəti var. Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında mövcud ticarət dövriyyəsinin potensialı və tərəflərin niyyətlərini tam əks etdirmədiyini bildirib. Bu yanaşma iqtisadi əlaqələrin daha fəal inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir. İki dövlət arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ilk növbədə qarşılıqlı ticarət imkanlarının araşdırılması, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və biznes dairələrinin mövcud potensial haqqında məlumatlandırılması vacibdir. Bu istiqamətdə keçiriləcək biznes görüşləri və forumlar şirkətlərə tərəfdaş tapmaq, yeni bazarları öyrənmək və uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq imkanı verə bilər. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və beynəlxalq yükdaşımalar sahəsində həyata keçirdiyi layihələr ölkəmizin Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu gücləndirir. Laos isə Cənub-Şərqi Asiyada yerləşməsi və regional iqtisadi əlaqələri baxımından Azərbaycan sahibkarları üçün araşdırıla biləcək bazarlardan biridir. Bu imkanlardan səmərəli istifadə olunması üçün biznes subyektlərinin qarşılıqlı məlumat mübadiləsi aparması, konkret layihələr üzrə danışıqlar keçirməsi və əməkdaşlıq mexanizmlərinin formalaşdırılması əhəmiyyətlidir. Azərbaycan tərəfi Laosda həyata keçirilə biləcək konkret investisiya layihələrinə maraq göstərməyə hazır olduğunu bəyan edib. Bu yanaşma iqtisadi münasibətlərin yalnız əmtəə mübadiləsi ilə məhdudlaşmaması, həm də uzunmüddətli investisiya əməkdaşlığı istiqamətində inkişaf etməsi üçün zəmin yaradır.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, Prime Cotton-un Ağcabədi regionunun Zərdab filialının əməkdaşı






















