Bu gün Şuşa yenidən qurulur, əvvəlki şöhrətinə qovuşur və həyat şəhərə geri dönür
Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində şəhərin küçələri, tarixi abidələri, yaşayış binaları və sosial infrastrukturu yenidən bərpa edilir. Əsas məqsəd yalnız dağıdılmış tikililəri yenidən inşa etmək deyil, həm də Şuşanın əsrlər boyu formalaşmış tarixi simasını qoruyub saxlamaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Şuşada genişmiqyaslı işlər görülür. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş Baş planda şəhərin gələcək inkişafı, yaşayış sahələrinin yaradılması, sosial obyektlərin tikintisi, nəqliyyat və infrastruktur məsələləri öz əksini tapıb.
Baş plan hazırlanarkən Şuşanın dağlıq ərazidə yerləşməsi, təbii gözəllikləri, tarixi memarlıq quruluşu və mədəni əhəmiyyəti nəzərə alınıb. Şəhərin inkişafı zamanı onun təbiətinin qorunmasına, tarixi abidələrin bərpasına və müasir yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. Beləliklə, Şuşa həm öz tarixi görünüşünü qoruyur, həm də müasir şəhər kimi inkişaf edir.
Artıq şəhərdə bir sıra mühüm layihələr həyata keçirilib. Şuşanın tanınmış tarixi və mədəniyyət abidələri bərpa olunub, dağıdılmış və zədələnmiş tikililərin yenidən qurulması istiqamətində işlər görülüb. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal zamanı güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qaytarılıb. Bu, həm tarixi ədalətin bərpası, həm də milli mədəniyyətimizə göstərilən ehtiramın ifadəsidir.
Şəhərdə turizm və xidmət sahələrinin inkişafı üçün də mühüm addımlar atılıb. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib. Müasir tələblərə uyğun səhiyyə, dövlət xidmətləri və digər sosial obyektlər yaradılıb. Zəfər yolu üzərində Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin fəaliyyətə başlaması şəhərin turizm və beynəlxalq tədbirlər mərkəzi kimi inkişafına əlavə imkanlar yaradıb.
Yaşayış sahələrinin bərpası və yeni mənzillərin tikilməsi də diqqət mərkəzindədir. Şuşada indiyədək 450 mənzildən ibarət 23 yaşayış binası sakinlərin istifadəsinə verilib. Növbəti mərhələlərdə yeni yaşayış layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Şəhərin mərkəzi küçəsində dövlət və özəl tərəfdaşlıq çərçivəsində yeni yaşayış komplekslərinin inşası da bu işlərin davamlı xarakter daşıdığını göstərir.
Ən sevindirici məqamlardan biri isə illərlə doğma yurdlarından ayrı düşmüş Şuşa sakinlərinin öz evlərinə qayıtmasıdır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi davam edir. Artıq Şuşada, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ailələr məskunlaşıb. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər yaşayır. Ümumilikdə, bu ərazilərdə 420 ailə, 1579 nəfər məskunlaşıb.
Bu rəqəmlərin arxasında uzun illər davam edən həsrətin sona çatması, ailələrin doğma evlərinə qayıtması, uşaqların öz ata-baba yurdlarında böyüməsi kimi böyük sevinc və mənəvi dəyərlər dayanır. Şuşada yenidən evlərin işıqları yanır, küçələrdə insanların səsi eşidilir, gündəlik həyat bərpa olunur. Şəhərin əsl sahibləri öz doğma torpaqlarına qayıdaraq onun gələcəyinin qurulmasında iştirak edirlər.
İman Əsədli – Dəkkəoba kənd sakini, fəal gənc


























