Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir;
Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində ölkəmiz Asiya dövlətləri ilə münasibətlərini genişləndirir, beynəlxalq əməkdaşlıq imkanlarını artırır və iqtisadi tərəfdaşlıqların şaxələndirilməsinə xüsusi önəm verir. Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında qəbul edilmiş Birgə Bəyanat da bu siyasətin mühüm nəticələrindən biri kimi diqqəti cəlb edir. 2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin iştirakı ilə iki ölkə arasında Birgə Bəyanat qəbul edilib, həmçinin imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutan bu hadisə ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının araşdırılması və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan ilə Laos arasında qəbul edilən Birgə Bəyanat iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafına dair siyasi iradəsini və əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq niyyətini əks etdirir. Bu sənədin əhəmiyyəti yalnız mövcud əlaqələrin təsdiqlənməsi ilə məhdudlaşmır. Eyni zamanda, gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə yeni təşəbbüslərin irəli sürülməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən dövrdə iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edib, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirib. Dövlət başçıları səviyyəsində keçirilən görüşlər, parlamentlərarası əlaqələr və siyasi dialoq bu münasibətlərin möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyev mətbuata bəyanatında Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdiyini vurğulayıb. Dövlət başçısının fikirləri sənədin mahiyyətini aydın şəkildə ifadə edir: tərəflər mövcud dostluq münasibətlərini qorumaqla yanaşı, onları yeni məzmunla zənginləşdirməyə və daha geniş sahələri əhatə edən tərəfdaşlığa çevirməyə çalışırlar. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Səfər iki dövlət arasında yüksəksəviyyəli siyasi təmasların intensivləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün konkret imkanların müəyyən edilməsinə xidmət edir.
Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim






















