Bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər
Azərbaycanın müasir tarixində əldə etdiyi tarixi Zəfər yalnız ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə məhdudlaşmır, həm də uzun illər ərzində ölkəmizə qarşı səsləndirilən təhdidlərin və nümayiş etdirilən təcavüzkar niyyətlərin iflasa uğramasını ifadə edir. Vaxtilə tanklarla Bakıya gələcəklərini, Azərbaycanı işğal edəcəklərini və paytaxtımızda çay içəcəklərini bəyan edərək xalqımızı hədələyən şəxslərin bu gün öz əməllərinə görə hüquqi məsuliyyətə cəlb olunması tarixin ironiyası olmaqla yanaşı, dövlətimizin qətiyyətinin və suveren hüquqlarının təmin edilməsinin göstəricisidir. Onların vaxtilə güc və təhdid nümayiş etdirdikləri hərbi texnikanın bu gün Hərbi Qənimətlər Parkında sərgilənməsi isə təcavüzkar siyasətin hansı nəticələrə gətirib çıxardığını əks etdirən rəmzi mənzərədir.
Azərbaycanın əldə etdiyi nəticələrin mahiyyətini anlamaq üçün hadisələrə yalnız hərbi müstəvidən yanaşmaq kifayət deyil. Bu, eyni zamanda, beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, eləcə də təcavüzkar əməllərə görə məsuliyyət prinsipinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində beynəlxalq səviyyədə qəbul edilmiş qərar və qətnamələrin icrasının təmin olunmaması regionda münaqişənin uzanmasına səbəb olan amillərdən biri olmuşdur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi isə beynəlxalq hüquqla tanınmış suveren hüquqların həyata keçirilməsi məsələsini yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə gətirmişdir.
Azərbaycanın tarixi Qələbəsinin miqyasını, işğalın ağır nəticələrini və ölkəmizin keçdiyi mürəkkəb yolu daha dərindən anlamaq üçün Zəfər parkı, Zəfər muzeyi və Hərbi Qənimətlər Parkı xüsusi əhəmiyyətə malikdir. Bu məkanlar xalqımızın mübarizə əzmini, şəhidlərimizin fədakarlığını, Azərbaycan Ordusunun hərbi uğurlarını və dövlətimizin suverenliyinin bərpası istiqamətində əldə etdiyi nəticələri əks etdirir. Eyni zamanda, onlar gələcək nəsillər üçün tarixi yaddaşın qorunması, müharibənin nəticələrinin dərk edilməsi və sülhün əhəmiyyətinin qiymətləndirilməsi baxımından mühüm maarifləndirici funksiyanı yerinə yetirir. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması yalnız münaqişələr baş verdikdən sonra onların nəticələrinin aradan qaldırılmasını deyil, həm də təcavüzün qarşısının alınmasını, qəbul edilmiş qərarların icrasına nəzarəti və beynəlxalq hüququ pozan əməllərə görə məsuliyyətin təmin edilməsini tələb edir. Dövlətlər və beynəlxalq təşkilatlar siyasi maraqlardan asılı olmayaraq beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik nümayiş etdirməli, qəbul olunmuş qərarların icrası üçün ardıcıl və işlək mexanizmlərin formalaşdırılmasına nail olmalıdırlar.
Azərbaycan xalqının tarixi Qələbəsi yalnız milli dövlətçilik baxımından deyil, beynəlxalq hüququn tətbiqi və münaqişələrin qarşısının alınması məsələləri baxımından da mühüm dərslər ehtiva edir. Ölkəmizin təcrübəsi göstərir ki, davamlı sülhün təmin olunması üçün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, beynəlxalq qərarların icrası real təminatlarla möhkəmləndirilməli və ağır hüquq pozuntularına görə məsuliyyət prinsipi ardıcıl şəkildə həyata keçirilməlidir.
Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

























