Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq.
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar heç vaxt unudulmur. Vətən müharibəsində qazanılan Qələbə də xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi hadisələrdəndir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi “Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq” fikri bu tarixi həqiqəti bir daha ifadə edir. Azərbaycan uzun illər torpaqlarının işğalı, yüz minlərlə vətəndaşının doğma yurdlarından didərgin düşməsi və ağır humanitar problemlərlə üzləşib. İşğal altında qalan şəhər və kəndlərimiz dağıdılıb, ailələr doğma evlərinə qayıtmaq həsrəti ilə yaşayıblar. Buna baxmayaraq, xalqımız öz torpaqlarına qayıdacağına olan inamını itirməyib.
Azərbaycan dövləti uzun illər münaqişənin sülh yolu ilə həlli üçün çalışıb. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ölkəmizin ərazi bütövlüyü tanınsa da, münaqişənin həlli uzanıb. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücündən istifadə etməli olub.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın taleyində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladı. Əsgər və zabitlərimiz böyük qəhrəmanlıq, cəsarət və peşəkarlıq göstərdilər. Döyüş meydanında qazanılan uğurlar xalqımızın qələbəyə olan inamını daha da artırdı. Cəbhədə vuruşan hərbçilərimizin arxasında bütün Azərbaycan xalqı dayanırdı. İnsanlarımız ordumuza dəstək verir, əsgərlərimizin uğurlarını böyük sevinc və qürur hissi ilə qarşılayırdılar. Xalq və ordu birliyi Qələbənin əsas mənəvi dayaqlarından birinə çevrildi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan xalqı uzun illər gözlədiyi tarixi Qələbəyə qovuşdu. Bu Qələbə göstərdi ki, güclü dövlət, müasir ordu və milli birlik ölkənin qarşısında duran ən çətin vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın suverenliyinin tam bərpası prosesi bununla bitmədi. 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri başlandı. Sentyabrın 20-də əldə olunan razılaşma nəticəsində tədbirlər dayandırıldı. Bununla Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində bərpa olundu və separatçılığa son qoyuldu.
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə səsləndirdiyi fikirlərin mühüm tərəflərindən biri də Azərbaycanın müharibədəki Qələbədən sonra nümayiş etdirdiyi mövqedir. Dövlət başçısı bildirdi ki, Azərbaycan uzun illər çəkdiyi əzablara, dağıdılmış şəhər və kəndlərinə baxmayaraq, məğlub tərəfdən qisas almaq siyasəti yürütməyib, sülh təklif edib. Bu yanaşma regionda davamlı sülhün və sabitliyin əhəmiyyətini bir daha önə çıxarır.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın keçdiyi tarixi yolun beynəlxalq səviyyədə çatdırılması baxımından da əhəmiyyətlidir. Ölkəmiz bundan sonra da suverenliyini qorumağa, beynəlxalq hüquq prinsiplərini müdafiə etməyə və regionda davamlı sülhün möhkəmləndirilməsinə çalışmalıdır. Qazanılan Qələbə xalqımızın tarixində daim yaşayacaq. İndi əsas vəzifəmiz bu tarixi nailiyyəti qorumaq, azad torpaqlarımızı inkişaf etdirmək və gələcək nəsillərə güclü, müstəqil və firavan Azərbaycan miras qoymaqdır.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

























