Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Laos arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması əsas məsələlərdir.Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanatın qəbul edilməsi oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Birgə Bəyanat iki dövlətin ortaq baxışlarını əks etdirməklə yanaşı, siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın sistemli şəkildə inkişafı üçün mühüm zəmin yaradır.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi səfər çərçivəsində diqqət yetirilən əsas məsələlərdən biri olub. Dövlətimizin başçısı mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini vurğulayaraq əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu sahibkarlar arasında əlaqələrin qurulması, investisiya imkanlarının araşdırılması və yeni iqtisadi layihələrin müzakirəsi baxımından əhəmiyyətlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir, investisiyaların həm maliyyə həcmi artır, həm də coğrafiyası şaxələnir. Bu proses ölkənin iqtisadi imkanlarının genişlənməsini və beynəlxalq iqtisadi əlaqələrin inkişafına verdiyi əhəmiyyəti əks etdirir. Xarici ölkələrə yönəldilən milyardlarla dollar həcmində sərmayələr Azərbaycanın investisiya potensialını nümayiş etdirməklə yanaşı, tərəfdaş ölkələrin iqtisadi inkişafına da mühüm töhfə verir. Azərbaycan investisiyaları qəbul edən ölkələrdə yeni iş yerlərinin yaradılmasına, istehsal sahələrinin formalaşmasına və iqtisadi fəallığın artmasına şərait yaradır. Yeni müəssisələrin yaradılması və mövcud istehsal imkanlarının genişləndirilməsi yerli iqtisadiyyatın inkişafına, məşğulluğun artırılmasına və istehsal potensialının gücləndirilməsinə xidmət edir. Beləliklə, xarici sərmayə qoyuluşları qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır.
İnvestisiyaların coğrafiyasının genişlənməsi Azərbaycanın müxtəlif ölkələrlə iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu yanaşma sərmayələrin yalnız maliyyə həcminin artırılmasını deyil, həm də müxtəlif bazarlarda uzunmüddətli iqtisadi əlaqələrin qurulmasını nəzərdə tutur. Nəticə etibarilə, Azərbaycanın xarici investisiya fəaliyyəti həm ölkənin iqtisadi imkanlarının beynəlxalq səviyyədə reallaşdırılmasına, həm də tərəfdaş ölkələrdə yeni istehsal və məşğulluq imkanlarının yaradılmasına töhfə verir. Azərbaycan beynəlxalq investisiya proseslərində fəal iştirak edən etibarlı tərəfdaş kimi Laosda qarşılıqlı maraq doğuran layihələri nəzərdən keçirməyə hazırdır. Bu yanaşma iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes dairələri arasında uzunmüddətli tərəfdaşlığın yaradılması və qarşılıqlı faydanın təmin olunması üçün yeni imkanlar açır.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


























