Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində nəqliyyat məsələsi xüsusi yer tutur
Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunun güclənməsində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla əlaqələrin inkişafı ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, sənaye və investisiya sahələrində yeni imkanlar yaradır. Bu ölkələrlə Azərbaycan arasında tarixi, mədəni və dil yaxınlığı da əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Lakin münasibətlərin əhəmiyyəti yalnız ortaq tarix və mədəniyyətlə məhdudlaşmır. Dövlətlər arasında qarşılıqlı iqtisadi maraqların artması, yeni nəqliyyat yollarının qurulması və regional layihələrin genişlənməsi əlaqələrin daha praktik və uzunmüddətli əsaslar üzərində inkişafına şərait yaradır.
Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm tərəfdaşdır. Azərbaycan üçün isə bu region yeni bazarlara çıxmaq, ticarət dövriyyəsini artırmaq və birgə istehsal layihələrini həyata keçirmək üçün geniş imkanlar açır.Kənd təsərrüfatı məhsullarının, sənaye mallarının, kimya məhsullarının və digər istehsal vasitələrinin qarşılıqlı ticarəti iqtisadi əlaqələrin inkişafına kömək edir. Birgə investisiya fondlarının yaradılması və biznes dairələri arasında əlaqələrin genişlənməsi də bu əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində nəqliyyat məsələsi xüsusi yer tutur. Çünki ticarətin genişlənməsi üçün məhsulların bazarlara vaxtında və münasib xərclərlə çatdırılması vacibdir. Orta Dəhlizin inkişafı bu baxımdan tərəflərin ortaq maraqlarına uyğundur. Nəqliyyat əlaqələrinin güclənməsi həm də yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında Türkiyə və Gürcüstanın xüsusi rolu var. Bu iki ölkə ilə sıx əməkdaşlıq Azərbaycanın regional nəqliyyat və enerji layihələrində iştirakını təmin edən əsas amillərdəndir.
Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrini əhatə edir. İki ölkə arasında həyata keçirilən layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun iqtisadi imkanlarını artırır. Bakı–Tbilisi–Qars dəmir yolu və enerji kəmərləri bu əməkdaşlığın mühüm nəticələrindəndir.
Gürcüstan isə Azərbaycanı Türkiyə və Qərb istiqamətində birləşdirən əsas tranzit ölkələrdən biridir. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi layihələr Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq göstərir ki, böyük regional layihələrin uğuru yalnız bir ölkənin imkanlarından asılı deyil. Dövlətlər arasında etimad, razılaşdırılmış fəaliyyət və qarşılıqlı maraqların qorunması mühüm şərtlərdir. Azərbaycan bu münasibətlərin inkişafına töhfə verməklə regional əməkdaşlığın genişlənməsində fəal iştirak edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Bu ərazilərdə yolların, tunellərin, körpülərin, hava limanlarının və digər infrastruktur obyektlərinin inşası ölkənin ümumi nəqliyyat imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

























