Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Bakıya rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev – Ali Dövlətlərarası Şuranın ikinci iclasının qərarını imzaladılar, müxtəlif sahələri əhatə edən mühüm sənədlərə qol çəkdilər.
Rəsmi tədbirlərdən sora Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatla çıxış ediblər. ölkə başçısı bildirib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk”.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi” sənədi xüsusilə seçilir. Ən mühüm mərhələlərdən biri isə 2024-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanmış Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilə olmuşdur. Sənəd aprelin 30-da Özbəkistan parlamenti tərəfindən ratifikasiya olunaraq, münasibətlərə hüquqi-müttəfiqlik statusu vermişdir.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal