image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6a4ab4c36c4259614ddac8c6e4105b95_9373986

Azərbaycan və Özbəkistan arasında əlaqələr artıq uzun illərdir ki, qardaşlıq və mədəni yaxınlıq əsasında inkişaf edir

image-legitimaz-810x90

Azərbaycan və Özbəkistan arasında əlaqələr artıq uzun illərdir ki, qardaşlıq və mədəni yaxınlıq əsasında inkişaf edir

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və mətbuata verilən bəyanat yalnız diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də regional geosiyasi reallıqların təhlili baxımından əlamətdar hadisə oldu. Bu səfər, hər iki ölkənin son illərdə formalaşdırdığı qarşılıqlı strateji baxışların və ortaq maraqların praktiki təzahürü idi.

Azərbaycan və Özbəkistan arasında əlaqələr artıq uzun illərdir ki, qardaşlıq və mədəni yaxınlıq əsasında inkişaf edir. Lakin son dövrlərdə bu münasibətlər sadəcə emosional bağlılıqla deyil, konkret iqtisadi və geosiyasi maraqlarla daha da dərinləşib. Xüsusilə beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin inkişafı fonunda iki ölkənin əməkdaşlığı daha qlobal miqyas alır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində görülən işlər təkcə region ölkələrinin deyil, Asiya və Avropa bazarları arasında körpü rolu oynamaq istəyən dövlətlərin ortaq hədəflərini əks etdirir. Bu baxımdan, Özbəkistanın Xəzər regionuna çıxış imkanları ilə maraqlanması və Azərbaycanın bu sahədə etibarlı tərəfdaş rolunu gücləndirməsi təsadüfi deyil.

Səfər çərçivəsində sənaye, enerji, kənd təsərrüfatı və texnologiya sahələrində əldə edilən razılaşmalar, əslində, iki ölkənin paralel inkişaf strategiyalarının bir nöqtədə birləşdiyini göstərdi. Enerji sahəsində əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmır. Azərbaycanın zəngin enerji infrastrukturu və tranzit imkanları, Özbəkistanın isə mərkəzi Asiyanın enerji təminatında artan rolu qarşılıqlı maraqları balanslaşdırır.

Əməkdaşlığın başqa bir vacib istiqaməti də təhsil və humanitar sahələrdir. Bu sahədə əlaqələrin dərinləşdirilməsi yalnız elmi-texniki biliklərin ötürülməsi ilə yox, həm də ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. İki ölkənin universitetləri, elmi-tədqiqat mərkəzləri və gənclər təşkilatları arasında əlaqələrin intensivləşməsi bu prosesin davamlı olmasına zəmin yaradır.

Səfərin nəticələri bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər sadəcə ikitərəfli deyil, həm də regional inteqrasiyanın, iqtisadi əməkdaşlığın və siyasi dialoqun mühüm dayağıdır. Hazırkı beynəlxalq şəraitdə belə tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlərin daha da dərinləşməsi Cənubi Qafqazla Mərkəzi Asiyanın inteqrasiyasına, eləcə də Türk Dövlətləri Təşkilatının vahid strateji xəttinin formalaşmasına təkan verə bilər.

Azərbaycan və Özbəkistan arasında imzalanan çoxsaylı sənədlər və yüksək səviyyəli qarşılıqlı etimad, iki ölkə liderlərinin şəxsiyyətləri və siyasi iradəsi ilə birbaşa bağlıdır. Bu liderlik modeli, daxili sabitliyə əsaslanan xarici siyasət kursunun ən mühüm təzahürlərindən biridir.

Beləliklə, iyulun 2-də baş tutan səfər və verilən bəyanatlar təkcə keçmişin möhkəm təməlini deyil, gələcəyin ortaq inkişaf xəritəsini də ortaya qoydu.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki