image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17918846053841949988_1200x630

Azərbaycan-Laos münasibətləri- dostluq və əməkdaşlığın yeni mərhələsi

image-legitimaz-810x90

Azərbaycan-Laos münasibətləri- dostluq və əməkdaşlığın yeni mərhələsi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi mesajlarla yadda qalmışdır. Bəyanatda vurğulanan əsas məqamlar Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimada və dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, səfər çərçivəsində keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı bir çox mühüm məsələlər müzakirə olunmuş, əməkdaşlığın gələcək inkişafı ilə bağlı konkret addımlar müəyyən edilmişdir. Qəbul edilmiş Birgə Bəyanatın iki ölkə arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirməsi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan-Laos münasibətlərinin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm siyasi əhəmiyyətə malikdir.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması ölkələrimizin qarşılıqlı münasibətlərinin davamlı inkişafının göstəricisidir. Bu müddət ərzində hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəylik və dəstək nümayiş etdirmişdir. Prezident İlham Əliyevin bəyanatında bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunması Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq prinsiplərinin mühüm yer tutduğunu göstərir.

İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələr də xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkədə dostluq qruplarının yaradılması qanunverici orqanlar arasında dialoqun genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və siyasi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Beynəlxalq parlamentlərarası təşkilatlarda əməkdaşlığın davam etdirilməsi isə Azərbaycan və Laosun ortaq maraqlarının müdafiəsi, beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılması üçün əlavə imkanlar yaradır.

Bununla yanaşı, iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın mövcudluğu və imzalanmış Anlaşma Memorandumu siyasi dialoqun müxtəlif səviyyələrdə inkişaf etdiyini təsdiqləyir. Belə əlaqələr qarşılıqlı anlaşmanın gücləndirilməsinə, siyasi təmasların davamlı xarakter almasına və gələcək əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsinə zəmin yaradır.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsi xüsusi aktuallıq daşıyır. Azərbaycan-Laos münasibətlərinin inkişafı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin bəyanatı göstərir ki, ölkəmiz mövcud siyasi əlaqələri daha da möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlıq üçün yeni imkanların yaradılmasında maraqlıdır.

Laos Prezidentinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində əldə olunmuş razılaşmalar ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələdir. Birgə Bəyanatda əks olunan əməkdaşlıq istiqamətləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, parlamentlərarası əlaqələr və siyasi dialoq Azərbaycan ilə Laos arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

 

Nailə Əliyeva- Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki