Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi.
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onlar milli qürur və qəhrəmanlıq rəmzinə çevrilir. “Dəmir yumruq” ifadəsi də xalqımızın birliyini, dövlətimizin gücünü və Azərbaycan Ordusunun qələbə əzmini ifadə edən belə rəmzlərdəndir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı bu tarixi hadisələri bir daha gündəmə gətirdi.Prezident çıxışında Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda keçdiyi yola toxundu. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda uzun illər mübarizə aparıb və bu yolda böyük iradə nümayiş etdirib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladı. Əsgər və zabitlərimiz döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların cəsarəti, peşəkarlığı və Vətən sevgisi nəticəsində bir sıra şəhər və kəndlərimiz işğaldan azad edildi. Bu müharibədə “Dəmir yumruq” təkcə hərbi gücün deyil, həm də xalqın birliyinin ifadəsinə çevrildi. Azərbaycan xalqı ordusunun ətrafında sıx birləşdi, hər bir vətəndaş qələbəyə öz töhfəsini verməyə çalışdı. Cəbhədə döyüşən əsgərlərimizin arxasında milyonlarla insanın dəstəyi və inamı dayanırdı. 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarının böyük hissəsini döyüş meydanında azad etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu. Lakin Azərbaycanın suverenliyinin tam bərpası məsələsi hələ də qarşıda duran əsas vəzifələrdən biri olaraq qalırdı.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışında bu məsələyə də toxundu. Dövlət başçısı bildirdi ki, Azərbaycan üç il ərzində öz suverenliyini tam bərpa etmək məsələsini sülh yolu ilə həll etməyə çalışıb. Lakin 2023-cü ilin sentyabrında vəziyyət yenidən gərginləşdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Tədbirlər 24 saatdan az müddətdə başa çatdı və Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi. Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan əsgərinin “Dəmir yumruğu” həmin vaxt yenidən öz sözünü dedi.
Bu hadisə Azərbaycan tarixində mühüm mərhələ oldu. Ölkəmiz öz suverenliyini bərpa edərək dövlətçiliyinin əsas prinsiplərini təmin etdi. Azərbaycan Ordusunun peşəkarlığı və qısa müddətdə qarşıya qoyulan vəzifələri yerinə yetirməsi dövlətimizin hərbi imkanlarını bir daha nümayiş etdirdi. “Dəmir yumruq” ifadəsinin arxasında, ilk növbədə, güclü dövlət, qüdrətli ordu və birləşmiş xalq dayanır. Qazanılan uğurlar illərlə aparılan ordu quruculuğunun, hərbi qulluqçuların hazırlığının və dövlətin təhlükəsizlik siyasətinin nəticəsidir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri regionda davamlı sülhün möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpası və insanların doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri qələbənin dinc inkişafla davam etdirildiyini göstərir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, problemlər beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Güclü dövlət və güclü ordu ölkənin təhlükəsizliyinin əsas təminatlarından biridir. Bununla yanaşı, sülhün qorunması, əməkdaşlığın genişləndirilməsi və gələcək nəsillər üçün sabit mühitin yaradılması da böyük əhəmiyyət daşıyır.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev

























