Ən son xəbərlər:

18.03.2024/20:38// Qazaxıstan və Türkiyə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər

Qazaxıstan və Türkiyə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər

Qazaxıstanın fövqəladə hallar naziri Çingiz Arinov Türkiyənin Milli Müdafiə Nazirliyinin və gəmiqayırma şirkətlərinin nümayəndələri ilə görüşündə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə təhlükəsizliyin təmin edilməsi və zəruri resursların, o cümlədən dənizdə texnogen çağırışlara cavab verə bilən gəmilərin saxlanması məsələləri müzakirə edilib, – məlumatda  belə deyilir.

Bildirilib ki, iki ölkə arasında münasibətlərin digər aspekti gəmiqayırma sahəsində əməkdaşlıq ola bilər. İndi Qazaxıstan hökuməti Xəzər dənizinin Qazaxıstan sektorunda fövqəladə hallara effektiv cavab vermək üçün Milli Dəniz Peşəkar Fövqəladə Xilasetmə Xidmətinin yaradılması məsələsini nəzərdən keçirir.

Verilən məlumata görə, belə bir xidmətin yaradılması Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcək, neft dağılmalarına operativ reaksiya verməyə, gəmilərdə baş vermiş qəza və yanğınlar zamanı zərərçəkmişlərin xilas edilməsi və təxliyyəsinin həyata keçirilməsinə kömək edəcək.