Ən son xəbərlər:

13.03.2024/15:52/ Böyük Britaniya qaçqınları Ruandaya göndərəcək

Böyük Britaniya qaçqınları Ruandaya  göndərəcək

Böyük Britaniyada rədd edilmiş sığınacaq axtaranlar, xarici cinayətkarlar və Böyük Britaniyada qalmaq hüququ olmayan digər miqrantlar üçün 3000 funt-sterlinqə qədər maliyyə yardımı göstərmək üçün artıq bir sxem mövcuddur. Yeni mexanizmin özəlliyi ondan ibarətdir ki, indi onlara mənşə ölkələrinə qayıtmaq deyil, Ruandaya köçmək təklif olunur. Britaniya Daxili İşlər Nazirliyi hesab edir ki, bu sxem müharibə şəraitində olan və ya avtoritar ölkələrin vətəndaşları üçün maraqlı ola bilər. Belə ölkələrə Əfqanıstan və İranı misal göstərmək olar.

The Times qeyd edib ki, on minlərlə insan bu təklifdən potensial olaraq yararlana bilər. Keçən il Böyük Britaniya Daxili İşlər Nazirliyi 30 mindən çox sığınacaq müraciətini rədd edib. Bundan sonra 4 minə yaxın insan könüllü olaraq vətənlərinə qayıtmaq qərarına gəlib. Onlardan əlavə, daha 15 min insan – əsasən krallıqda həbs cəzasını çəkənlər, habelə vizası bitmiş şəxslər müstəqil olaraq öz mənşə ölkələrinə qayıdıblar. Bundan başqa, 6,4 min insan məcburi şəkildə öz vətənlərinə qaytarılıb.

“The Times” yazır ki, Ruanda hakimiyyəti bütün mühacirləri beş il müddətinə mənzillə təmin etməyə, eləcə də cəmiyyətə inteqrasiya proqramlarını işə salmağa, onların təhsil almasına və işləməsinə kömək etməyə hazırdır. Qeyd olunur ki, yeni sxemlə razılaşmayanlar mənzilsiz, rəsmi işləmək və müavinət tələb etmək imkanı olmadan Böyük Britaniyada qeyri-müəyyən vəziyyətdə qalacaqlar.