image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-zengilan-_inam564

Zəngilan rayonunda həyata keçirilən “Dost Aqropark” layihəsi bu istiqamətdə atılan mühüm addımlardan biridir

image-legitimaz-810x90

Zəngilan rayonunda həyata keçirilən “Dost Aqropark” layihəsi bu istiqamətdə atılan mühüm addımlardan biridir

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın yenidən qurulması, iqtisadi fəallığın bərpası və dayanıqlı inkişafın təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu ərazilərdə müasir infrastrukturun yaradılması, əhalinin doğma yurdlarına qayıdışı üçün şəraitin formalaşdırılması, yeni iş yerlərinin açılması və iqtisadi potensialın hərəkətə gətirilməsi məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Bu baxımdan kənd təsərrüfatının inkişafı, aqrar istehsalın müasir tələblərə uyğun təşkili və yerli məhsulların rəqabət qabiliyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır. Zəngilan rayonunda həyata keçirilən “Dost Aqropark” layihəsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan aqropark işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir əsaslarla qurulmasına, heyvandarlığın və bitkiçilik sahələrinin inkişafına, emal sənayesinin genişləndirilməsinə xidmət edir. Layihə təkcə kənd təsərrüfatı müəssisəsinin yaradılması ilə məhdudlaşmır. Burada istehsal, emal, saxlama, qablaşdırma və satış mərhələlərini özündə birləşdirən vahid aqrar iqtisadi sistemin formalaşdırılması nəzərdə tutulur. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün də geniş imkanlar yaradır. İki ölkənin şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi bu əməkdaşlığın real nəticələrindən biri kimi diqqəti cəlb edir. Layihənin əsas məqsədlərindən biri Zəngilanın kənd təsərrüfatı potensialından səmərəli istifadə etmək, müasir istehsal texnologiyalarını tətbiq etmək və regionda yeni iqtisadi imkanlar yaratmaqdır. Aqroparkın fəaliyyəti nəticəsində həm heyvandarlıq, həm bitkiçilik, həm də kənd təsərrüfatı məhsullarının emalı və bazara çıxarılması sahələrində yeni imkanlar formalaşır.

Layihənin bütün mərhələləri başa çatdıqdan sonra kompleksdə 500 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bu göstərici layihənin sosial əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin açılması insanların doğma torpaqlarına qayıdışının dəstəklənməsi, ailələrin gəlir imkanlarının artırılması və yerli iqtisadi fəallığın gücləndirilməsi baxımından mühüm rol oynayır.

“Dost Aqropark”ın yaradılması üçün ümumilikdə 100 milyon ABŞ dolları həcmində investisiyanın yatırılması planlaşdırılır. Bu həcmdə sərmayənin aqrar sahəyə yönəldilməsi regionda uzunmüddətli iqtisadi fəaliyyətin qurulmasına, müasir texnologiyaların tətbiqinə və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradır.

“Dost Aqropark” layihəsinin birinci mərhələsində mühüm infrastruktur işləri görülüb. Kompleksdə inzibati binalar, 5200 kvadratmetr sahəsi olan qapalı heyvandarlıq kompleksi, 113 min kvadratmetr sahəni əhatə edən açıq tipli heyvandarlıq kompleksləri, eləcə də müxtəlif sosial obyektlər inşa edilib.

Bununla yanaşı, kompleksin normal fəaliyyətinin təşkili və burada çalışan insanların yaşayış və istirahət şəraitinin təmin olunması məqsədilə əlavə obyektlər yaradılıb. Kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu və xidməti heyətin yaşayışı üçün nəzərdə tutulan binalar layihənin tərkib hissəsinə daxildir.

Bu infrastruktur aqroparkın yalnız istehsal sahəsi kimi deyil, həm də əməkdaşların gündəlik ehtiyaclarını nəzərə alan müasir kompleks kimi fəaliyyət göstərməsinə imkan verir. Belə yanaşma kənd təsərrüfatı müəssisələrinin inkişafında insan amilinin və iş şəraitinin əhəmiyyətini bir daha göstərir

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki