Zəngilan rayonu və kəndlərinin məskunlaşması davam edir.
Doğma yurda qayıdış insan həyatında sadəcə ünvanın dəyişməsi deyil. Bu, illərlə ürəkdə yaşadılan həsrətin sona çatması, ailə xatirələrinin doğma torpaqda yenidən canlanması, uşaqların ata-baba yurdunu öz gözləri ilə tanıması deməkdir. Vaxtilə məcburi köçkünlük həyatı yaşamağa məcbur qalmış zəngilanlılar üçün bu gün həmin arzular gerçəyə çevrilir. Azad edilmiş Zəngilan şəhərində və rayonun kəndlərində davam edən məskunlaşma Böyük Qayıdışın mühüm mərhələsini təşkil edir.
İllər boyu yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlara qayıtması böyük təşkilati iş, ardıcıl planlaşdırma və genişmiqyaslı quruculuq tədbirləri tələb edir. Yaşayış evlərinin tikilməsi ilə yanaşı, elektrik, qaz, su və rabitə təminatı, yolların çəkilməsi, sosial xidmətlərin təşkili, təhsil və səhiyyə infrastrukturunun yaradılması da bu prosesin ayrılmaz hissəsidir. Məqsəd yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, onların burada təhlükəsiz, rahat və davamlı həyat qurmaları üçün zəruri şəraiti təmin etməkdir.
Zəngilanda məskunlaşma prosesi mərhələli şəkildə genişlənir. Ağalı kəndində başlanmış qayıdış şəhər və digər yaşayış məntəqələrində davam etdirilir. Müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan yaşayış məkanları sakinlərin gündəlik ehtiyaclarına uyğun planlaşdırılır, ailələrin sosial həyata inteqrasiyası və iqtisadi fəallığının artırılması diqqət mərkəzində saxlanılır.
2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndinə 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndinə 179 ailə (903 nəfər) məskunlaşmışdır. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Bu rəqəmlərin arxasında yüzlərlə ailənin taleyi, minlərlə insanın arzusu və yeni həyata başlamaq əzmi dayanır. Hər yeni ailənin Zəngilanda məskunlaşması doğma yurdun sosial həyatına əlavə güc verir. Məktəbə gedən uşaqlar, əmək fəaliyyətinə başlayan gənclər, öz evində təsərrüfat quran ailələr azad edilmiş ərazilərdə həyatın bərpasını gündəlik reallığa çevirirlər. Məskunlaşmanın davamlı olması üçün iş yerlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki daimi məşğulluq ailələrin iqtisadi müstəqilliyini gücləndirir, yerli xidmət sahələrinin inkişafına təkan verir və yeni yaşayış məntəqələrinin uzunmüddətli tərəqqisinə zəmin yaradır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı azad edilmiş ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qaytarılmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Dövlət başçısının Zəngilana mütəmadi səfərləri, yeni yaşayış məntəqələrinin açılışlarında iştirakı və sakinlərlə görüşləri bölgədə quruculuq işlərinin gedişinə göstərilən diqqətin ifadəsidir. Ağalı kəndində müasir “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi də bu yanaşmanın konkret nümunəsi kimi diqqət çəkir.
Zəngilanın dirçəlişi yalnız yeni evlərin tikilməsi ilə ölçülmür. Rayonun iqtisadi imkanlarının genişləndirilməsi, müasir infrastrukturun qurulması, kənd təsərrüfatının və xidmət sahələrinin inkişafı, sakinlərin peşə bacarıqlarından səmərəli istifadə olunması gələcək tərəqqinin əsas şərtlərindəndir. Doğma torpağa qayıdan insanların burada öz əməyinin nəticəsini görməsi, övladlarının gələcəyini bu yurdda qurması Böyük Qayıdışın ən mühüm məqsədlərindəndir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü bu baxımdan xüsusi məna daşıyır. Bu tarix bir tərəfdən şəhərin azadlığını, digər tərəfdən isə onun yenidən həyata qayıdışını xatırladır. Dünən həsrətlə anılan küçələrdə bu gün yeni həyat başlayır, yenidən qurulan evlərdə ailə ocaqları yanır. Zəngilanın məskunlaşması davam etdikcə doğma yurdun gələcəyi də möhkəmlənir. Burada qurulan hər ev, açılan hər iş yeri və doğma torpağına qayıdan hər ailə Azərbaycanın dirçəliş tarixinin yeni səhifəsini yazır.
Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta ümumitəhsil məktəbinin direktoru


















