Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Xeberaz.info xəbər verir ki, kənd sakini, 1957-ci il təvəllüdlü Rafiq Kərimovun idarə etdiyi “Opel Astra Zafira” markalı avtomobildə sükan arxasında qəfil ürək tutmasından vəfat etdiyi bildirilir.
Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi bağdakı süni gölə düşüb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.
Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Rafiq Paşa oğlu Kərimovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


























